Bolsonaronun ABŞ-da “Green Card” müraciətinə operativ baxıla bilər
Prezident seçkilərində məğlub olduqdan sonra Braziliyanı gizli şəkildə tərk edən Flaviu Bolsonaro ABŞ-da sürətləndirilmiş qaydada “Green Card” ala bilər.
AFN.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrinə istinadən yazıb. ABŞ hakimiyyəti Bolsonaronun müəyyən vaxtda daimi yaşayış icazəsi almaq üçün müraciət edəcəyini gözləyir.
Adı açıqlanmayan amerikalı rəsminin sözlərinə görə, onun müraciətinə kiçik qardaşı Eduardu Bolsonaronun müraciətində olduğu kimi operativ baxılacaq. Qəzet xatırladır ki, Eduardu Bolsonaro iyul ayında ABŞ-da daimi yaşayış statusu alıb və hazırda Texas ştatında yaşayır.
Qeyd edək ki, “Green Card” ABŞ vətəndaşı olmayan şəxslərə ölkədə daimi yaşamaq və işləmək hüququ verən sənəddir.
Flaviu Bolsonaro Ali Federal Məhkəmənin hakimi Aleshandri di Moraisin çirkli pulların yuyulması işi çərçivəsində sənədlərini təhvil vermək barədə göstərişinə baxmayaraq, Braziliyanı gizli şəkildə tərk edib. Argentinanın Miqrasiya Xidmətinin məlumatına görə, siyasətçi çərşənbə axşamı axşam saatlarında bu ölkəyə daxil olub, daha sonra Ekvadora uçmağı planlaşdırıb. Hazırda Bolsonaro ABŞ-dadır.
