Cənubi Koreyanın keçmiş prezidentinin edamı tələb edildi



Cənubi Koreyada xüsusi səlahiyyətli prokurorlar üsyana rəhbərlik etməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş prezident Yun Sok Yolun edam olunmasını tələb ediblər.

Yonhap agentliyinin xəbərinə görə, Yunun ömürlük həbs cəzasına etirazı ilə bağlı keçirilən apellyasiya məhkəməsində xüsusi istintaq prokuroru Ço Ehun-sukun komandası keçmiş dövlət başçısı barəsində ölüm hökmü istəyib.

Prokurorluq komandasının üzvü bildirib ki, ölüm hökmünün verilməsi ilə bağlı tərəddüd etmək üçün heç bir səbəb yoxdur. Onun sözlərinə görə, ölüm hökmünə qarşı irəli sürülə biləcək ən güclü arqument mümkün səhv hökm ehtimalıdır, lakin bu işdə belə bir ehtimala yer yoxdur.

Həmin şəxs Yunun konstitusiyaya sadiq qalacağına and içməsinə baxmayaraq, hərbçiləri əməliyyata cəlb etdiyini vurğulayaraq bunun konstitusiya quruluşunu dağıdan və ölkəni 40 il geriyə aparmağa çalışan bağışlanmaz cinayət olduğunu bildirib.

Xüsusi prokurorluq komandası aşağı instansiya məhkəməsinin verdiyi ömürlük həbs cəzasının çox yüngül olduğunu və ölkədə ölüm hökmünün faktiki olaraq icra edilməməsinin bu cəzanın verilməsinə maneə sayılmamalı olduğunu qeyd edib.

Xəbərə görə, Beynəlxalq Amnistiya Təşkilatı Cənubi Koreyanı ölüm hökmünü faktiki olaraq ləğv etmiş ölkələr kateqoriyasına daxil edir. Belə ki, ölkədə 1997-ci ilin dekabrından bəri heç bir ölüm hökmü icra edilməyib.

Cənubi Koreyanın cinayət qanunvericiliyinə əsasən, üsyanın rəhbərinə üç növ cəza verilə bilər. Bunlar ölüm hökmü, ömürlük həbs və ağır əmək tətbiq edilmədən ömürlük həbsdir.

Yanvar ayında xüsusi səlahiyyətli prokurorlar Yunu məhkəmə və qanunverici orqanları ələ keçirərək hakimiyyətdə qalmağa çalışan üsyanın rəhbəri kimi xarakterizə etmiş və ölüm hökmü tələb etmişdilər.

Həmin dövrdə prezident olan Yun Sok Yol 2024-cü il dekabrın 3-də müxalifətin dövlət əleyhinə fəaliyyətlərdə iştirak etdiyini əsas gətirərək hərbi vəziyyət elan etmiş, Milli Assambleyanın bu qərarı ləğv etməsindən sonra geri çəkilməyə məcbur olmuşdu.

Milli Assambleyanın 2024-cü il dekabrın 14-də keçirdiyi səsvermədə impiçmenti tələb edilən Yun müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılmışdı.

Konstitusiya Məhkəməsi 2025-ci il aprelin 4-də qəbul etdiyi qərarla Milli Assambleyanın impiçment tələbini təmin edərək Yunun vəzifədən kənarlaşdırılmasını təsdiqləmişdi.

Yun fevral ayında 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etməklə üsyana rəhbərlik etməkdə təqsirli bilinmiş və ömürlük həbs cəzasına məhkum edilmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu