“Qalatasaray” “Fənərbağça”nın loqosuna görə cərimələndi
Türkiyə Super Liqasının 9-cu turunda “Fənərbağça”nı qəbul etdiyi və 2:1 hesabı ilə qalib gəldiyi derbidə rəqibinin üç ulduzlu loqosunu tabloya yerləşdirən “Qalatasaray”a Peşəkar Futbol İntizam Şurası (PFDK) tərəfindən 280 min Türkiyə lirəsi məbləğində cərimə tətbiq edilib.
AFN.az xəbər verir ki, qurum İstanbul təmsilçisinə qarşı qərarını matç zamanı baş verən qayda pozuntusu ilə əlaqələndirib.
Peşəkar Futbol İntizam Şurası “Qalatasaray” – “Fənərbağça” derbisində yaşanan hadisələrlə bağlı cəzaları açıqlayıb. Qarşılaşmadan sonra baş verən dava səbəbindən “Qalatasaray”ın futbolçusu Abdülkerim Bardakcı 2, “Fənərbağça”nın futbolçusu Arçi Braun isə 3 oyunluq cəzaya məruz qalıb. Hər iki futbolçuya pul cəriməsi də tətbiq edilib.
Lakin PFDK-nın derbi ilə bağlı cəzaları bununla məhdudlaşmayıb. “Rams Park” stadionunda keçirilən matçda qonaq komanda “Fənərbağça”nın üç ulduzlu loqosunu tabloya yerləşdirən meydan sahibi “Qalatasaray” 280 min Türkiyə lirəsi məbləğində cərimələnib. Sarı-lacivərdli klubun Türkiyə Futbol Federasiyasında (TFF) qeydiyyatdan keçmiş loqosunda ulduz yoxdur.
PFDK-nın açıqlamasında bildirilib: “GALATASARAY A.Ş.-nin tablosunda qonaq komandanın TFF-də qeydiyyatdan keçməmiş loqosunun istifadə edilməsinə görə təlimatlara zidd davranışla əlaqədar FDT-nin 46/1-ci maddəsinə əsasən, təqdirən və nəticə etibarilə 280.000 TL məbləğində pul cəriməsi ilə cəzalandırılmasına qərar verilib”.


