Demokratlar İrana qarşı müharibəni maliyyələşdirməyə mane ola bilər
Demokratlar ABŞ Konqresində hər iki palataya nəzarəti ələ keçirəcəkləri təqdirdə, İrana qarşı müharibənin maliyyələşdirilməsini dayandıra bilərlər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Vaşinqtondakı Amerika Universitetinin Nüvə Tədqiqatları İnstitutunun direktoru, professor Piter Kuznik səsləndirib.
Ekspertin sözlərinə görə, Konqresin hər iki palatasında çoxluğun demokratlara keçməsi İrana qarşı müharibənin davam etdirilməsini xeyli çətinləşdirə bilər. O, Vyetnam müharibəsini nümunə göstərərək bildirib ki, demokratlar müharibənin maliyyələşdirilməsini dayandırmaqla yanaşı, hərbi xərclərə daha ciddi məhdudiyyətlər də tətbiq edə bilərlər.
Kuznik hesab edir ki, seçkilərin nəticələri Donald Trampın xarici siyasətindən daha çox daxili siyasətinə təsir göstərə bilər. Onun fikrincə, ABŞ prezidenti növbəti iki il ərzində veto hüququndan və icra sərəncamlarından istifadə etməklə ölkəni idarə etməyə çalışacaq. Lakin bu imkanların da müəyyən məhdudiyyətləri var.
Ekspertin qənaətinə görə, Tramp tarifləri qüvvədə saxlaya və müharibəni davam etdirə bilsə də, Konqresin büdcə səlahiyyətlərinin demokratların nəzarətinə keçməsi, araşdırmalar aparmaq və administrasiya rəsmilərini dinləmələrə çağırmaq imkanları onun fəaliyyətini ciddi şəkildə məhdudlaşdıra bilər.
Kuznik Trampın İrana qarşı müharibəsinə ictimai dəstəyin də son dərəcə aşağı olduğunu və azalmağa davam etdiyini bildirib. Onun sözlərinə görə, prezident amerikalılar arasında populyar olmayan qərarlar qəbul etməyi davam etdirərsə, 2028-ci il seçkilərində Respublikaçılar Partiyasının ağır məğlubiyyətə uğramaq ehtimalını artıra bilər.
