Respublikaçıların məğlubiyyəti Trampın xarici siyasətini sərtləşdirə bilər


NATO ölkələri ABŞ prezidenti Donald Trampın respublikaçıların Konqresə aralıq seçkilərdə məğlub olması halında müttəfiqlərə təzyiqi artıra biləcəyindən ehtiyatlanır.

AFN.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, narahatlıqlar ABŞ qoşunlarının Avropada yerləşdirilməsi strategiyasına yenidən baxılması, Ukrayna müharibəsinin nizamlanması və Rusiya ilə gələcək əməkdaşlıq məsələlərini əhatə edir.

NATO-nun keçmiş əməkdaşı Oana Lungesku bildirib ki, bu məsələlərin hamısının daha genişmiqyaslı razılaşmanın tərkib hissəsi kimi nəzərdən keçirilməsi riski var. Onun sözlərinə görə, ABŞ-ın hərbi qüvvələrinin yerləşdirilməsi strategiyası və Avropanın təhlükəsizlik sistemi ilə bağlı qərarlar belə bir razılaşmaya daxil edilə bilər.

NATO ölkələrinin narahatlığının əsas səbəblərindən biri ABŞ-ın Avropadakı hərbi qüvvələrinin tərkibinə yenidən baxılması planıdır. Trampın bu məsələ ilə yanaşı, NATO-nun maliyyələşdirilməsinə ayrılan vəsaitin azaldılmasından və Ukraynaya dəstək məqsədli PURL proqramının məhdudlaşdırılmasından Rusiya ilə daha sıx əməkdaşlıq naminə istifadə edə biləcəyi ehtimal olunur.

Avropada ABŞ-ın elektron müharibə, hava hücumundan müdafiə, kəşfiyyat və logistika sahələrindəki töhfəsini əvəz etməyin çətinliyi də ayrıca narahatlıq doğurur.

Nəşrin məlumatına görə, seçkilərdə demokratların mümkün qələbəsi Trampın daxili siyasətdə imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Bu vəziyyətin ABŞ liderini xarici siyasətdə əldə etdiyi nəticələri möhkəmləndirməyə sövq edə biləcəyi ehtimal edilir.

“Politico”nun mənbələrindən biri Trampın respublikaçıların mümkün məğlubiyyətinə reaksiyasını şərh edərkən onun “çox qəzəbli və sərt” ola biləcəyini bildirib.

Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu