Yəməndəki toqquşmalar 280 mindən çox insanı evindən didərgin salıb
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) sözçüsü Metyu Saltmarş Yəməndə davam edən toqquşmalar səbəbindən 280 mindən çox insanın yaşayış yerini tərk etmək məcburiyyətində qaldığını bildirib.
AFN.az xəbər verir ki, Saltmarş BMT-nin Cenevrə Ofisində keçirilən həftəlik mətbuat konfransında vəziyyətlə bağlı açıqlamalar verib.
Yəməndəki toqquşmalar səbəbindən 280 mindən çox insanın didərgin düşdüyünü qeyd edən Saltmarş, çoxsaylı həssas qruplara aid insanların vəziyyətin həddindən artıq təhlükəli olması səbəbindən həyati əhəmiyyət daşıyan yardımlara çıxış əldə edə bilmədiyini vurğulayıb.
Saltmarş Yəməndə on minlərlə qaçqın və sığınacaq axtaran şəxsin sağ qalmaq uğrunda mübarizə apardığını bildirərək, artan təhlükəsizsizlik, iqtisadi çöküş, tükənən resurslar və humanitar yardıma çıxışla bağlı ciddi məhdudiyyətlərin on minlərlə insanı gedəcək heç bir yeri olmayan vəziyyətə saldığını deyib.
Yardımların ciddi şəkildə məhdudlaşdırıldığını qeyd edən Saltmarş, çıxış imkanı əldə etdikləri zaman yardımları çatdırdıqlarını, lakin bunun olduqca çətin proses olduğunu vurğulayıb.
Saltmarş çox sayda məcburi köçkün insanın yardım ləvazimatlarının olduğu məntəqələrə çata bilmədiyi barədə məlumatlar aldıqlarını, bir çox hallarda isə onların özlərinə çatmağın həddindən artıq təhlükəli olduğunu bildirib.
Yəməndəki humanitar ehtiyacların qarşılanması üçün mövcud resursların kifayət etmədiyini deyən Saltmarş, ölkə üçün etdikləri yardım çağırışının indiyədək yalnız 19 faizinin maliyyələşdirildiyini vurğulayıb.
Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmalar son dövrdə artıb. İranın dəstəklədiyi husilər onlara qarşı hücumlarda məsul tutduqları Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alırlar.
Yəməndə İranın dəstəklədiyi husilərin 2014-cü ilin sentyabrında paytaxt Sənaya və bəzi vilayətlərə nəzarəti ələ keçirməsindən sonra başlayan vətəndaş müharibəsi davam edir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə dəstək verir.

