Anar Bayramovun TƏBİB-də 6 ayı: sanki HR gəlmişdi...
Anar Bayramovun TƏBİB-in icraçı direktoru vəzifəsinə gətirilməsi səhiyyə sistemində yeni mərhələnin başlanacağına dair gözləntilər yaratmışdı. Onun tibb, iqtisadiyyat və idarəetmə sahələrində təcrübəsi bu təyinatın sıradan kadr dəyişikliyindən daha geniş məqsədlər daşıdığı barədə düşünməyə əsas verirdi. Lakin aprelin 14-dən oktyabrın 19-dək davam edən rəhbərliyi dövrünə nəzər saldıqda diqqəti çəkən əsas məqam kadr dəyişikliklərinin miqyası ilə səhiyyə xidmətlərindəki dəyişikliklərin miqyası arasındakı fərqdir.
Bayramovun TƏBİB-ə gəlişindən sonra müşavirlər, departament rəhbərləri, şöbə müdirləri, xəstəxana direktorları və digər vəzifəli şəxslərlə bağlı ardıcıl qərarlar qəbul edildi. Bir sıra tibb müəssisələrinin rəhbərləri dəyişdirildi, mərkəzi aparatda struktur yenilənməsinə gedildi, bəzi departamentlər birləşdirildi, digərlərinin statusu dəyişdirildi.
Beləliklə, rəhbərliyin ilk ayları əsasən kadr və inzibati idarəetmə islahatları ilə yadda qaldı. Yeni komandanın formalaşdırılması, məsuliyyət bölgüsünün yenilənməsi və səmərəsiz işləyən strukturların dəyişdirilməsi idarəetmədə normal proses sayıla bilər. Ancaq bu qərarların qarşılığında cəmiyyətin gözlədiyi əsas sual açıq qalır: xəstəxanalarda vətəndaşın qarşılaşdığı hansı problem həll olundu?
Çünki xəstəxana direktorunun dəyişdirilməsi həmin müəssisədə növbələrin azalması, həkim çatışmazlığının aradan qaldırılması, müayinə imkanlarının genişlənməsi və ya müalicə keyfiyyətinin yüksəlməsi demək deyil. Təyinat idarəetmə qərarıdır, nəticə isə vətəndaşın aldığı tibbi xidmətlə ölçülür.
Səhiyyənin əsas problemləri də məhz bu mərhələdə üzə çıxır. Dövlət xəstəxanalarında xidmətin təşkili, həkim-pasiyent münasibətləri, ilkin səhiyyə xidmətinin vəziyyəti, regionlarda ixtisaslı həkim çatışmazlığı, diaqnostika imkanları, dərman təminatı və pasiyent hüquqlarının qorunması kompleks yanaşma tələb edən məsələlərdir. Bunların həlli yalnız rəhbər şəxslərin dəyişdirilməsi ilə mümkün deyil.
Əlbəttə, Bayramovun rəhbərliyi dövründə başqa istiqamətlərdə də addımlar atılıb. Sentyabrın 1-dən 72 212 tibb işçisini əhatə edən yeni əməkhaqqı qaydaları tətbiq olunub, illik əməkhaqqı fondunun 189 milyon manat artırılması nəzərdə tutulub. Təcili tibbi yardımın rəqəmsallaşdırılması, çağırışların idarə olunması və briqadaların fəaliyyətinə nəzarət istiqamətində də müəyyən yeniliklər həyata keçirilib.
Əməkhaqqı artımı səhiyyə işçilərinin sosial təminatı baxımından əhəmiyyətli addımdır. Lakin həkimin maaşının artması avtomatik olaraq xəstənin daha keyfiyyətli xidmət alması demək deyil. Vətəndaşın həkim qəbuluna düşmək üçün günlərlə gözləməsi, müayinə və müalicə zamanı əlavə xərclərlə üzləşməsi, tibbi xidmətə çıxışda çətinlik yaşaması kimi problemlər də həllini tapmalıdır. Əməkhaqqı islahatının real əhəmiyyəti onun tibbi xidmətin keyfiyyətinə necə təsir göstərməsindədir.
Digər diqqətçəkən məqam isə aparılan dəyişikliklərin nəticələrini ölçmək üçün ictimaiyyətə təqdim olunan konkret göstəricilərin yetərincə görünməməsidir. Bayramovun rəhbərliyə gəldiyi vaxtla müqayisədə dövlət xəstəxanalarında gözləmə müddəti nə qədər azalıb? Təcili tibbi yardım briqadalarının çağırış ünvanına çatma vaxtında hansı dəyişiklik baş verib? Regionlarda ixtisaslı həkim çatışmazlığı nə qədər azalıb? Pasiyent şikayətlərinin dinamikası necə dəyişib?
Bu göstəricilər olmadan aparılan kadr və struktur dəyişikliklərinin səhiyyə sisteminə real təsirini qiymətləndirmək çətindir. AFN.az olaraq bu və digər məsələlərlə bağlı TƏBİB-ə jurnalist sorğusu ünvanlayacağıq.
TƏBİB-in işi yalnız xəstəxana rəhbərlərini dəyişməklə bitməməlidir. Əsas məsələ xəstəxanaların fəaliyyətinin yaxşılaşdırılması, tibbi xidmətin keyfiyyətinə nəzarətin gücləndirilməsi, ilkin səhiyyə xidmətinin inkişafı və regionlarda həkim çatışmazlığı kimi problemlərin həllidir. Yeni rəhbərlərin təyin olunması bu problemləri aradan qaldırmır. Bunun üçün sistemin özündə dəyişiklik olmalıdır.
Əgər idarəetmə mexanizmi, maliyyələşmə prinsipləri, xidmət standartları və hesabatlılıq dəyişmirsə, yeni təyin olunan rəhbərlər də sələflərinin qarşılaşdığı problemlərlə üz-üzə qala bilərlər. Bu baxımdan, kadr yenilənməsi islahatın özü deyil, onun mümkün vasitələrindən biridir.
Bayramovun TƏBİB-ə rəhbərliyi cəmi altı ay davam etdi. Oktyabrın 19-da o, səhiyyə naziri təyin olundu. Eyni tarixdə qəbul edilən qərarla TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi. Bununla da Bayramovun qarşısında artıq təkcə TƏBİB-in deyil, bütövlükdə səhiyyə idarəçiliyinin təşkili ilə bağlı daha geniş məsuliyyət yarandı. İndi onun fəaliyyəti yalnız kadr qərarları ilə deyil, səhiyyə sistemində vətəndaşın gündəlik həyatına təsir edən dəyişikliklərlə qiymətləndiriləcək.
Anar Bayramov TƏBİB-ə yeni komanda formalaşdırmaq üçün gəlmişdi, yoxsa illərdir həllini gözləyən sistem problemlərini aradan qaldırmaq üçün? Bu suala cavab vermək üçün təyinatların və struktur dəyişikliklərinin sayına deyil, onların nəticələrinə baxmaq lazımdır. Vətəndaş dövlət xəstəxanasına müraciət edərkən əvvəlkindən daha az problemlə qarşılaşmırsa, aparılan kadr islahatlarının miqyası nə qədər böyük olsa da, səhiyyədə əsaslı dönüşdən danışmaq çətindir.
Çünki səhiyyədə islahatın əsas göstəricisi dəyişən rəhbərlər deyil, dəyişən tibbi xidmət olmalıdır.
Həbibə ABDULLA


