Süni intellektin yaratdığı deepfake təhlükəsi seçkiləri və istehlakçıları hədəfə alır



Süni intellekt texnologiyalarının sürətlə inkişafı həqiqi görüntülərdən fərqləndirilməsi demək olar ki, mümkünsüz olan saxta foto, səs və videoların hazırlanmasını asanlaşdıraraq dələduzluq və dezinformasiya riskini artırır.

AFN.az xəbər verir ki, mütəxəssislər bu texnologiyanın həm seçki prosesləri, həm də ayrı-ayrı şəxslərə qarşı dələduzluq halları baxımından ciddi təhlükə yaratdığını bildirirlər.

Süni intellekt vasitəsilə yaradılan saxta məzmunlar, xüsusilə siyasi sahədə böyük narahatlıq mənbəyinə çevrilib. Siyasi kampaniyaların bu texnologiyaya ayırdığı büdcə əvvəlki illərlə müqayisədə dəfələrlə artdığı halda, namizədləri hədəf alan aldadıcı reklamlar internetdə sürətlə yayılır.

Mütəxəssislər bu cür məzmunların doğruluğuna şübhə yaratdığını və seçicilərin həqiqi ilə saxtanı ayırmaqda çətinlik çəkdiyini vurğulayırlar. Süni intellektlə yaradılan bu cür materialların açıq şəkildə qeyd olunmasa belə, izləyicilərin yaddaşında qalıcı izlər buraxaraq qavrayışa təsir göstərdiyi bildirilir.

Şirkətlərin məlumatlarına görə, müəssisələrə və istehlakçılara qarşı deepfake əsaslı dələduzluq cəhdlərində nəzərəçarpacaq artım müşahidə olunur.

Bədniyyətli şəxslər səs klonlaşdırılması və saxta video texnologiyalarından istifadə edərək yaxın və ya tanış bir insanın kimliyinə bürünərək zəng edə, təcili tibbi yardım və ya borc istəyi kimi ssenarilərlə insanları manipulyasiya edə bilirlər.

Əvvəllər bariz ipucu hesab olunan, məsələn, barmaq və ya üz detallarındakı qüsurların süni intellekt vasitəsilə böyük ölçüdə aradan qaldırılması saxta məzmunların aşkarlanmasını daha da çətinləşdirir.

Deepfake texnologiyasının geniş yayılması yalnız saxta məzmunların qəbul edilməsinə səbəb olmur, eyni zamanda həqiqi görüntülərə və məlumatlara olan etimadı da sarsıdır. Həqiqi hadisələrə aid fotolar belə saxta hesab edilərək şübhə ilə qarşılana bilər.

Təhlükəsizlik mütəxəssisləri bu cür tələlərdən qorunmaq üçün şübhəli vəziyyətlərdə zəngi sonlandırmağı, daha sonra həmin şəxslərə əvvəlcədən məlum olan nömrələr vasitəsilə yenidən zəng edərək kimliklərini təsdiqləməyi tövsiyə edirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu