Süni intellekt kibercinayətkarlara üstünlük qazandırır: Özümüzü necə qoruyaq?


Kibercinayətkarlar insanları hədəfə almaq üçün süni intellekt texnologiyalarından getdikcə daha geniş istifadə edirlər.

AFN.az xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) məlumatına görə, amerikalılar ötən il süni intellektlə əlaqəli kiberdələduzluqlar nəticəsində 893 milyon dollardan çox maliyyə zərəri ilə üzləşiblər.

OpenAI və Anthropic şirkətləri də süni intellekt agentlərinin təhlükəsizlik testləri zamanı internetə çıxış əldə edərək digər şirkətlərin sistemlərinə daxil ola bildiyini açıqlayıblar.

Müştəri məlumatlarının təhlükəsizliyinin pozulmadığı bildirilsə də, bu hadisələr kibertəhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Ekspertlər qeyd edirlər ki, süni intellekt hücumların həyata keçirilməsini daha əlçatan, ucuz və effektiv edib.

Deepfake texnologiyası üz cizgilərini, səsləri, videoları və hətta heç vaxt baş verməmiş hadisələri inandırıcı şəkildə imitasiya edə bilir. Məlumata görə, ötən il ABŞ-da dələduzluq qurbanlarının təxminən 12 faizi qarşılaşdıqları fırıldaqçılıq üsulunda süni intellekt və ya deepfake texnologiyasından istifadə olunduğunu bildirib.

Mütəxəssislər bildirirlər ki, bu texnologiyadan videobağlantılar zamanı da istifadə oluna bilər. Şübhə yarandıqda qarşı tərəfdən kamera qarşısında hərəkət etməsinin istənilməsi görüntünün saxta olub-olmadığını müəyyən etməyə kömək edə bilər.

FTB-nin məlumatına görə, süni intellektdən istifadə edilən investisiya dələduzluqları nəticəsində zərərçəkənlər ötən il 632 milyon dollardan çox vəsait itiriblər. Əgər hər hansı şəxs və ya videozəng vasitəsilə pul və ya hesaba giriş tələb edirsə, məlumatın əvvəlcədən məlum olan rəsmi əlaqə vasitələri ilə yoxlanılması tövsiyə olunur.

Səs klonlaşdırılması da kiberdələduzların istifadə etdiyi üsullardan biridir. Süni intellekt vasitəsilə yaradılan saxta səslər yaxın qohumun təcili yardım istəməsi kimi ssenarilərdə istifadə olunur. Bu cür dələduzluqlar nəticəsində ötən il ABŞ-da 5 milyon dollardan çox maliyyə zərəri qeydə alınıb.

Ekspertlər bildirirlər ki, cəmi bir neçə saniyəlik səs yazısı süni intellektin təxminən 85 faiz oxşarlıqla yeni səs yaratması üçün kifayət edir. Zəng edən şəxsin kimliyi dəqiq məlum deyilsə, danışığı dayandırmaq, həmin şəxsə və ya quruma rəsmi nömrə vasitəsilə geri zəng etmək və ailə üzvləri arasında əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik sözündən istifadə etmək tövsiyə edilir.

Parol təhlükəsizliyi də mühüm əhəmiyyət daşıyır. Süni intellekt sızdırılmış parollardakı oxşar nümunələri müəyyən edərək yeni parolların təxmin edilməsini sürətləndirə bilir. Mütəxəssislər çoxmərhələli identifikasiya sisteminin aktivləşdirilməsini, passkey texnologiyasından istifadə edilməsini və ən azı 12 simvoldan ibarət mürəkkəb parollar seçilməsini məsləhət görürlər.

Həmçinin kiberdələduzlar saxta CAPTCHA yoxlamaları və ya zərərli tətbiqlərə verilən icazələr vasitəsilə cihazlara daxil olmağa çalışırlar. Ekspertlər e-poçt və sosial media hesablarına qoşulmuş üçüncü tərəf tətbiqlərinin mütəmadi olaraq yoxlanılmasını tövsiyə edirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu