"Spotify"a süni intellekt etirazı: Saxta mahnılar yayımlayır

Spotify süni intellekt tərəfindən bəstələnmiş mahnıları vəfat etmiş sənətçilərin adından yayımladığı üçün musiqi dünyasının sərt reaksiyası ilə qarşılaşıb. Platformanın bu işlər üçün sənətçilərin vərəsələrinə və ya musiqi şirkətlərinə müraciət etmədiyi üzə çıxıb.
“Together” adlı saxta mahnı böyük narazılıq yaratdı
404 Media tərəfindən aparılan araşdırmaya əsasən, ən diqqətçəkən nümunə 1989-cu ildə qətlə yetirilən kantri musiqi ifaçısı Bleyk Foleyin (Blake Foley) rəsmi profilində yayımlanan “Together” adlı mahnıdır.
Bu mahnı Foleyin musiqi üslubunu əsla əks etdirmir. Hətta mahnının üz qabığında gənc, sarışın bir oğlanın şəkli yer alır və bu şəxsin Foley ilə heç bir əlaqəsi yoxdur.
Araşdırmalar nəticəsində məlum olub ki, bu mahnı Spotify-a “Syntax Error” adlı bir hesabdan yüklənib. Həmin hesab daha əvvəl də müxtəlif saxta mahnılarla əlaqələndirilib.
Əsl sənətçilərin adından saxta əsərlər paylaşılır
The Next Web saytının xəbərinə görə, oxşar hal 2016-cı ildə vəfat edən Grammy mükafatlı bəstəkar və ifaçı Qay Klarkın adına da baş verib. “Happened To You” adlı saxta mahnının da “Syntax Error” hesabı ilə əlaqəli olduğu bildirilib. Bu hadisələr Spotify-ın süni intellektlə yaradılmış musiqilərə nəzarət sistemini ciddi suallar altına salır.
Xəbərlər yayımlandıqdan qısa müddət sonra Spotify bu saxta məzmunları platformadan silib. Lakin bu ilk hal deyil. Son aylarda süni intellektlə hazırlanmış musiqilərin artan şəkildə gerçək kimi dinləyicilərə təqdim edildiyi müşahidə olunur.
Süni intellekt qrupları yüksəlişdədir, amma şəffaflıq yoxdur
Tech Times-ın verdiyi məlumata görə, bu ayın əvvəlində süni intellekt tərəfindən yaradılan Velvet Sundown adlı musiqi qrupu Spotify-da viral olub. Qrupun “Dust on the Wind” adlı mahnısı Kansas qrupunun 1977-ci ildəki eyniadlı hit mahnısına bənzərliyi ilə diqqət çəkib və 20 iyundan bəri təxminən 2 milyon dəfə dinlənilib.
Hər nə qədər qrupun bioqrafiyasında sintetik musiqi layihəsi ifadəsi yer alsa da, Spotify həmin mahnıları süni intellekt tərəfindən yaradılıb kimi işarələməyib. Bu da dinləyicilərin aldadılmasına səbəb olur.
Spotify CEO-su Daniel Ek daha əvvəl süni intellektlə yaradılan musiqiləri dəstəklədiyini bəyan etsə də, bu məzmunların birbaşa real sənətçilərdən kopyalanmamalı olduğunu vurğulamışdı. Lakin platformanın bu sahədə qeyri-sabit davranışı musiqi dünyasında narahatlıq doğurur.
Musiqi dünyasından sərt reaksiya: İnsan yaradıcılığı təhlükə altındadır
Böyük Britaniyanın Fonoqrafik Sənaye İttifaqının (BPI) strateji direktoru Sofi Cons The Guardian-a verdiyi açıqlamada süni intellekt modellərinin müəllif hüquqları ilə qorunan musiqilər üzərində icazəsiz şəkildə öyrədildiyini və sənətçilərə heç bir ödəniş edilmədiyini bildirib. O, bu vəziyyətin insan yaradıcılığına birbaşa təhlükə yaratdığını deyib.
Consa görə, texnologiya şirkətləri bu süni musiqi layihələrinin yayılmasına göz yumur və onları insan sənətçilərlə birbaşa rəqabətə məcbur edir. Bu isə həm dinlənilmə və müəllif gəlirlərinə, həm də sənətçinin reputasiyasına ciddi ziyan vurur.
Deezer şəffaflıq üçün addım atdı
Sənaye nümayəndələri Spotify və digər oxşar platformalardan süni intellektlə yaradılmış məzmunların açıq şəkildə işarələnməsini tələb edirlər. Bu sahədə ilk addımı Fransa mənşəli musiqi platforması Deezer atıb. Deezer Suno və Udio kimi süni intellekt proqramları ilə yaradılmış musiqiləri müəyyən edə bilən xüsusi bir alqoritm hazırlayıb.
Musiqi sənayesi bu cür tətbiqlərin digər platformalarda da geniş tətbiq olunmasını istəyir.