Gömrük borcu yalnız sahibkar tərəfindən ödənilə biləcək


Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq edib. Dəyişikliklər borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır. Məcəlləyə əsasən, gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir.



Bununla belə, məcəlləyə görə gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilərdi. Bu isə dəqiqləşdirmənin aparılmasını zəruri etmişdi.



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yeniliklər haqda yazıb.



Onun sözlərinə görə, gömrük bəyannaməsinin təsdiqi nəticəsində bəyan edən şəxsin üzərinə gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin qoyulduğunu, bu ödənişin ödənilmədiyi təqdirdə gömrük borcunun yarandığını, habelə beynəlxalq təcrübədə də hüquqi tənzimlənmənin "istənilən maraqlı şəxs” kimi qeyri-müəyyən deyil, "məsul olan istənilən şəxs” kimi məsuliyyəti özündə ehtiva edən ifadə ilə aparıldığını nəzərə alaraq Məcəllədə müvafiq dəyişikliklərin edilməsinə ehtiyac duyuldu.



"Bununla da, dəyişiklik gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan şəxs tərəfindən və ya bu məcəllədə tutulmuş üsullardan, yəni, girov, bank qarantiyası, depozit hesabına köçürmə, sığorta, üçüncü şəxsin zaminliyi, avans ödəmə istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsini nəzərdə tutur."



Yeni dəyişikliklərlə gömrük orqanları tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun borclu şəxs tərəfindən ödənilməsi prosesi tənzimlənəcək, şəxslərin gömrük və vergi qanunvericiliyinə riayət etməsi təmin ediləcək.



Bütövlükdə, yeni dəyişikliklərlə başqasının gömrük borcunu ödəmək daha mümkün olmayacaq. Bu qaydalar sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə şamil olunacaq. Digər şəxslərlə bağlı ödəniş qaydaları əvvəlki kimi saxlanılır", - deyə deputat əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu