İtaliyada Qərbi Nil virusuna yoluxma halları artır

İtaliyada Qərbi Nil virusuna yoluxma hallarının sayı son bir həftədə 20-yə yüksəlib.
İtaliya mediasında yer alan xəbərlərə görə, ağcaqanadlar vasitəsilə yayılan infeksion xəstəlik olan Qərbi Nil virusuna yoluxanların sayı sürətlə artıb.
ANSA agentliyinin məlumatında bildirilir ki, İtaliya Ali Səhiyyə İnstitutunun açıqladığı statistikaya əsasən, bu il ölkədə dəqiq Qərbi Nil virusu diaqnozu qoyulmuş xəstə sayı əvvəlcə 10 nəfər olub. Lakin 20 iyulda Latinada 82 yaşlı bir qadının virus səbəbilə həyatını itirməsindən sonra Lazio və Kampaniya bölgələrində aparılan testlər nəticəsində yoluxma hallarının sayı 20-yə çatıb.
Xüsusilə Kampaniya bölgəsində yeni aşkar edilən 8 Qərbi Nil virusuna yoluxan 4 nəfərin xəstəxanada müalicə aldığı, Lazio bölgəsində isə 2 nəfərə Qərbi Nil virusu diaqnozu qoyulduğu və bununla da yoluxma hallarının bir həftə ərzində iki dəfə artdığı qeyd edilib.
Kampaniya Regional İdarəsinin sədri Vinçenso De Luka mətbuata verdiyi açıqlamada, yoluxma hallarının sürətlə artmasına baxmayaraq, bölgədə vəziyyətin nəzarət altında olduğunu bildirib.
Bu arada, yoluxma hallarının sürətlə artması səbəbilə xüsusilə Kampaniya bölgəsinin Caserta şəhəri yaxınlığında yerləşən Sessa Aurunca qəsəbəsində təcili dərmanlama tədbirlərinə başlandığı bildirilib.
Ölkədə bu il mart ayında da bir nəfər Qərbi Nil virusuna yoluxma səbəbilə dünyasını dəyişmişdi.
İtaliya Ali Səhiyyə İnstitutunun məlumatına görə, ölkədə 2024-cü ildə ümumilikdə 460 Qərbi Nil virusuna yoluxma halı və virusla əlaqəli 20 ölüm faktı qeydə alınıb.