Trampdan süni intellekt şirkətlərinin yolunu açacaq fərmanlar

Süni intellekt yarışında Çini geridə qoyaraq qalib gəlməli olduqlarını bildirən ABŞ Prezidenti Donald Tramp bu sahədə fəaliyyət göstərən şirkətlərin qarşısını əhəmiyyətli dərəcədə açacaq 3 fərman imzalayıb.
Vaşinqtonda keçirilən süni intellekt mövzusunda bir iclasda çıxış edən Tramp ölkəsindəki texnoloji inkişafları və ABŞ ilə Çin arasında davam edən süni intellekt rəqabətini qiymətləndirib.
Tramp ABŞ mərkəzli süni intellekt şirkətlərinin inkişafını dəstəkləyəcək 3 fərman imzaladığını və bu addımların amerikalı şirkətlərə çinli rəqibləri qarşısında üstünlük qazandıracağını vurğulayıb.
“Süni intellekt yarışında Çinin xeyli qabağındayıq” ifadəsini işlədən Tramp ABŞ-da bu sahədə fəaliyyət göstərən şirkətlərin və rəhbərlərinin adlarını bir-bir çəkərək onlara təşəkkür edib.
Tramp qeyd edib ki, süni intellekt sahəsində Çinlə girdikləri qlobal rəqabəti mütləq qazanmalıdırlar və bu məqsədlə həmin 3 fərmanı imzalayıb.
“Bu möhtəşəm insanlar ABŞ-ın dünya səviyyəli infrastrukturunu qorumaq üçün ölkəmizin işləkliyini təmin edirlər. Federal icazələrin sürətləndirilməsi, yoxlamaların asanlaşdırılması və bütün böyük süni intellekt infrastruktur layihələrinin inşasının sürətləndirilməsi üçün mümkün olan hər şeyi etmək məqsədilə bu prezident fərmanlarını imzalayırıq” – deyə Tramp bildirib.
ABŞ-ın texnoloji üstünlüyünün davam etməsinin süni intellekt sahəsindəki inkişafla birbaşa əlaqəli olduğunu bildirən Tramp, bu sahədə fəaliyyət göstərən şirkətlərin üzərinə böyük məsuliyyət düşdüyünü və hökumətin bu firmalara böyük investisiya imkanları yaradacağını vurğulayıb.
Ağ Ev Trampın yanvar ayında imzaladığı fərman əsasında hazırlanmış “Süni İntellekt Fəaliyyət Planı”nı dünən açıqlayıb.
Açıqlamada bildirilib ki, süni intellekt yarışını qazanmaq Amerika xalqı üçün rifah, iqtisadi rəqabət qabiliyyəti və milli təhlükəsizliyi əhatə edən yeni bir qızıl dövrün başlanğıcı olacaq. Planın tədbirləri 3 əsas istiqamət üzrə və 90-dan çox federal siyasət tədbiri ilə ortaya qoyulub.
Bu əsas istiqamətlər innovasiyanın sürətləndirilməsi, Amerikan süni intellekt infrastrukturunun qurulması və beynəlxalq diplomatiya və təhlükəsizlikdə liderlik kimi müəyyən edilib.
Plan çərçivəsində önə çıxan siyasətlər arasında ABŞ süni intellekt texnologiyalarının ixracı, məlumat mərkəzlərinin sürətlə qurulmasına təşviq, innovasiya və tətbiqin qarşısındakı maneələrin aradan qaldırılması, modellərdə ifadə azadlığının qorunması kimi məsələlər qeyd edilib.