"Tesla"nın maliyyə böhranı dərinləşir


Elektrikli avtomobil nəhəngi Tesla 2025-ci ilin ikinci rübündə gəlir və mənfəətində azalma olduğunu açıqlayıb. Şirkətin ardıcıl iki rübdür mənfi maliyyə hesabatı verməsi CEO İlon Maskın siyasi baxışları ilə bağlı müzakirələrin ardından markanın nüfuz itirməsi ilə əlaqələndirilir.



Tesla aprel-iyun aylarını əhatə edən üç aylıq dövrdə 22,5 milyard dollar gəlir əldə etdiyini bildirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12% azalma deməkdir. Hər səhmə düşən mənfəət isə 40 sent olub. Bu da illik əsasda 23% azalma deməkdir.



Bu rəqəmlər Wall Street analitiklərinin 22,74 milyard dollar gəlir və 43 sent mənfəət proqnozlarından aşağı qalıb. Açıqlamadan sonra Tesla-nın səhmləri iş saatları sonrası ticarətdə 2% dəyər itirib.



İnvestorlarla keçirilən telekonfransda danışan İlon Mask şirkətin gələcəyinin robotaksi layihəsinə bağlı olduğunu bildirib.



Mask hazırda Austin şəhərində məhdud şəkildə fəaliyyət göstərən pilotsuz taksi xidmətini ilin sonuna qədər ABŞ əhalisinin yarısına çatdırmağı planlaşdırdığını açıqlayıb. O, bu məqsədin tənzimləyici qurumların təsdiqinə və təhlükəsizlik performansına bağlı olduğunu da etiraf edib.



Mask əlavə edib ki, növbəti hədəfləri Kaliforniya, Arizona və Florida ştatlarıdır. Lakin hal-hazırda Austində təqdim edilən robotaksi xidməti hələ də məhduddur və avtomobillərdə insan müşahidəçilər mövcuddur. Bu isə Tesla-nı robotaksi sahəsinin lideri hesab edilən Google-un törəmə şirkəti Waymo-dan xeyli geri salır.



Tesla investorlara göndərdiyi qeyddə bu rübü şirkət tarixində dönüş nöqtəsi adlandırıb. Bildirilib ki, Tesla yalnız elektrikli avtomobillər və bərpa olunan enerji sahəsində deyil, həm də süni intellekt, robot texnologiyaları və xidmət sektoru sahələrində liderliyi hədəfləyir.



Şirkətin yeni məhsul planları arasında insanabənzər robotlar da var. Lakin Maskın tez-tez gündəmə gətirdiyi bu layihələr hələ bazara çıxarılmayıb. Bununla yanaşı, Tesla bu həftə Kaliforniyada, Vest Hollivud ərazisində restoran və kino konseptli ilk Tesla Diner-ini istifadəyə verib.



İlon Maskın həm sağçı siyasətlə assosiasiya olunması, həm də Donald Trump ilə yaşadığı yüksək profilli qarşıdurmalar ABŞ ictimaiyyətinin geniş təbəqəsində mənfi reaksiya doğurub. Nate Silver tərəfindən aparılan sorğuya əsasən, amerikalıların 58%-i Maska mənfi, 33%-i isə müsbət baxır.



Maskın Tramp administrasiyasında məsləhətçi kimi çalışması ictimai qınağa səbəb olmuşdu.



Bu dövrdə Tesla-nın avtomobil təhvilatları da azalıb. Şirkət ikinci rübdə, ötən ilin eyni dövrü ilə müqayisədə 14% daha az avtomobil təhvil verib. Çinli elektrikli avtomobil istehsalçılarının artan rəqabəti də bu azalmanı sürətləndirib.



Tesla ABŞ-ın müxtəlif bölgələrində hər həftə təşkil olunan “Tesla Takedown” etirazlarının hədəfinə çevrilib. Bu həftə sonu 30-dan çox aksiyanın keçirilməsi planlaşdırılıb və yeni açılan Tesla Diner-in qarşısında da etiraz olacağı bildirilib.



“Takedown” təşkilatının açıqlamasında “İnvestorlar gec-tez gerçəyi anlayacaqlar: Tesla yalnız duman, güzgü və yerinə yetirilməmiş vədlərdən ibarətdir” deyilib.



Tesla eyni zamanda bir sıra hüquqi və normativ çətinliklərlə də üzləşib. Mayami və Ouklend şəhərlərində aparılan iki ayrı araşdırmada Tesla-nın “Autopilot” və “Tam Avtonom Sürüş” proqramlarının imkanlarının şişirdilib-şişirdilmədiyi öyrənilir. ABŞ Milli Avtomobil Təhlükəsizliyi İdarəsi (NHTSA) isə bu sistemlərin dumanlı hava və zəif görünüş şəraitindəki təhlükəsizliyini araşdırır.



Bundan əlavə, Tramp administrasiyası tərəfindən tətbiq edilən gözlənilməz gömrük tarifləri və ətraf mühitlə bağlı tənzimləyici güzəştlərin ləğvi, Tesla-nın gəlir mənbələrinə mənfi təsir göstərir.



Bununla da 2025-ci ilin ikinci yarısına qədəm qoyan Tesla həm maliyyə baxımından, həm də ictimai nüfuz baxımından tarixinin ən çətin dövrlərindən birini yaşayır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu