ÜST-dən yeni qlobal virus xəbərdarlığı: 5,6 milyard insan risk altındadır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan Çikungunya virusunun sürətlə qlobal miqyasda yayılmaq təhlükəsinə qarşı ölkələri vaxtında tədbir görməyə çağırıb.
ÜST 20 il əvvəl Hind Okeanında baş vermiş böyük epidemiyadan əvvəl müşahidə olunan eyni erkən xəbərdarlıq əlamətlərini yenidən aşkar etdiyini və oxşar bir böhranın təkrarlanmaması üçün təcili tədbirlər görülməsinin vacibliyini bildirib.
119 ölkədə aşkarlanıb, 5,6 milyard insan risk altında
“Çikungunya hər kəs tərəfindən tanınmasa da, bu günə qədər 119 ölkədə qeydə alınıb və dünyada 5,6 milyard insanı risk altına salır” – deyə ÜST-ün texniki mütəxəssislərindən Diana Roxas Alvares bildirib. O, virusun ciddi oynaq ağrılarına və yüksək hərarətə səbəb olduğunu, bəzi hallarda isə ölümcül ola biləcəyini vurğulayıb.
Keçmişin izləri yenidən görünür
Alvares 2004–2005-ci illərdə Hind Okeanındakı kiçik ada ölkələrində başlayan və qısa zamanda bütün dünyaya yayılan epidemiyanı xatırladaraq oxşar nümunələrin yenidən ortaya çıxdığını qeyd edib.
“2025-ci ilin əvvəlindən etibarən Reyunion, Mayot və Mavrikiy adalarında genişmiqyaslı Çikungunya epidemiyaları qeydə alınıb. Reyunion adasında əhalinin üçdə birinin yoluxduğu təxmin edilir” – deyə bildirib.
Afrika, Asiya və Avropa da risk altındadır
ÜST-nin məlumatına görə, virus hal-hazırda Madaqaskar, Somali və Keniya kimi Afrika ölkələrinə yayılmaqda davam edir. Cənubi Asiyada isə artıq epidemik səviyyədə yayılma müşahidə olunur.
Hind Okeanı adalarındakı yoluxmalarla əlaqədar Avropada da idxal olunmuş hallar aşkarlanıb. Fransada yoluxma təsdiqlənib, İtaliyada isə şübhəli hallar qeydə alınıb.
Gecikmədən hazırlıq görülməlidir
Alvares bildirib ki, bu yoluxma nümunələrini əvvəlki epidemiyada da gördüyümüz üçün tarix təkrarlanmasın deyə, ölkələrə indidən hazırlıqlara başlamağı tövsiyə edirik.
Hərçənd virusun ölüm nisbəti 1%-dən aşağıdır, milyonlarla insanın yoluxması halında bu rəqəmin minlərlə insan itkisi anlamına gələ biləcəyi qeyd olunub.
İqlim dəyişikliyi ilə şimala doğru yayılır
Çikungunya virusu əsasən Aedes aegypti və Aedes albopictus (pələng ağcaqanadı) adlı ağcaqanad növləri vasitəsilə yayılır. Bu növlər xüsusilə səhər və axşam saatlarında aktiv olaraq insanları dişləyir.
İqlim dəyişikliyi ilə birlikdə pələng ağcaqanadının daha şimal bölgələrə qədər yayıldığı bildirilir. Bu növün geniş yayıldığı bölgələrdə əhali arasında immunitetin zəif olması səbəbindən yoluxma səviyyəsinin 75%-ə qədər çata biləcəyi qeyd edilir.
ÜST-dən qorunma çağırışı
ÜST əhalini fərdi qorunma tədbirləri görməyə çağırıb. Ağcaqanad qovucu vasitələrdən istifadə olunması, içində su yığıla biləcək qabların boş saxlanılması və ağcaqanadların çoxalmasına səbəb ola biləcək yerlərin aradan qaldırılması tövsiyə edilib.