Dövlət qurumundan deputata məxsus olduğu deyilən şirkətə 4,9 milyonluq sifariş

Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi "Avromed Conpany" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayacaq.
AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, QSC şirkətdən dərman preparatları, tibbi ləvazimatlar və imtiyazlı dərmanlar almağı planlaşdırır. Alınacaq mallara görə şirkətə 4 902 441,96 manat ödəniləcək.
Əczaçılıq sahəsində fəaliyyət göstərən “Avromed Company” QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 57 000 manatdır. Qanuni təmsilçisi isə İskəndərov Kamran İnqilab oğludur.
Kamran İskəndərov “Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işləyib. 2022-ci ildən isə “Avromed Company” QSC-nin baş direktoru təyin edilib.
Şirkətin deputat Cavanşir Feyziyevə məxsus olması ilə bağlı iddialar da mövcuddur. Bu iddialara səbəb onun 2010-cu ilədək şirkətə rəhbərlik etməsidir. Deputatın rəsmi tərcümeyi-halında 2002–2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində çalışdığı qeyd olunur.
Cavanşir Feyziyev 2015-ci ildən deputatdır və parlamentdə 115 saylı Şəki kənd seçki dairəsini təmsil edir. Deputat olduqdan sonra “Avromed Company” QSC ilə vidalaşdığı deyilsə də, şirkətdə hələ də payı olduğu bildirilir.
Onun ailəsinə məxsus 5,6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı sənədlərdə Cavanşir Feyziyevin 2013-cü ildə viza müraciətində özünü “Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etməsi bu iddiaların əsaslı olduğuna dair şübhələri gücləndirir.
Qeyd edək ki, Cavanşir Feyziyev deputat seçildikdən sonra şirkətə onun qızı Baxşiyeva Əzizə Cavanşir qızı rəhbərlik edib. Onun rəhbərliyi 2020-ci ilədək davam edib.
Azərbaycan qanunvericiliyi deputatların bizneslə məşğul olmasını qadağan edir.