Deputata məxsus olduğu deyilən şirkətə qarşı yenidən inzibati iş başlandı


Bir müddət əvvəl gömrük qaydalarını pozmaq ittihamı ilə məhkəməyə verilən "Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində növbəti dəfə inzibati iş başlanıb.



Qaynarinfo xəbər verir ki, şirkət bu dəfə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ittiham edilir.

Bu maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır. 485.2-ci maddəyə əsasən, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Nigar Qədirli iş üzrə hakim təyin edilib.

"Avromed Company" QSC-nin deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir. 2020-ci ildə şirkətin yaydığı açıqlamaya görə isə Cavanşir Feyziyev 2010-cu ilə qədər "Avromed Company" QSC-nin direktoru vəzifəsində çalışıb. Açıqlamada həmçinin qeyd olunur ki, deputat 2016-cı ildə səhmlərini satıb.

Lakin bu açıqlama şirkətin Cavanşir Feyziyevə məxsus olması barədə formalaşmış rəyi dəyişməyib.

Cavanşir Feyziyev Milli Məclisdə 115 saylı Şəki kənd ikinci seçki dairəsini təmsil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu