Hindistan yüzlərlə müsəlmanı qanunsuz şəkildə deportasiya etdi

“Human Rights Watch” (HRW) – İnsan Hüquqları İzləmə Təşkilatı Hindistanın son həftələrdə yüzlərlə müsəlmanı qanuna zidd şəkildə Banqladeşə deportasiya etdiyini bildirib.
Təşkilat tərəfindən yayımlanan hesabatda qeyd olunur ki, Yeni Dehli may ayından bəri əksəriyyəti Hindistanın Banqladeşlə sərhəddə yerləşən ştatlarında doğulmuş və əsas hissəsini qadınlar və uşaqların təşkil etdiyi benqal mənşəli yüzlərlə müsəlmanı ölkədən çıxarıb.
Hesabatda Hindistan sərhədçilərinin bəzi şəxslərin şəxsiyyət sənədlərinə əl qoyduğu, hətta silah gücü ilə Banqladeş ərazisinə keçməyə məcbur etdikləri bildirilir.
Banqladeş rəsmiləri deportasiya edilən təxminən 1500 nəfərin bir hissəsinin Hindistan vətəndaşı olduğunu təsdiqləyib. Hesabatda o da qeyd olunur ki, bu şəxslərdən bəziləri yenidən Hindistana qayıdıb.
Hesabatda vurğulanır ki, bu deportasiya tədbirləri Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Pahalgam bölgəsində aprel ayında baş verən və çox sayda insanın ölümünə səbəb olan terror aktından sonra daha da intensivləşib.
Terror hadisəsindən sonra Hindistan hökumətinin xüsusilə müsəlman icmalarını hədəf alan qanunsuz miqrant müəyyənləşdirmə səylərini artırdığı bildirilən hesabatda qanuni prosedurlar aparılmadan həyata keçirilən deportasiyalara son verilməsi tələb olunur.
Təşkilat deportasiya edilən şəxslərə hüquqi nümayəndə ilə təmin olunma, apellyasiya hüququnun verilməsi, zorla deportasiya və zorakılıq iddialarının araşdırılması və məsul şəxslərin cəzalandırılması ilə bağlı çağırış edib.
Hesabatında vurğulanır ki, Hindistanın vətəndaşlıq, etnik kimlik və dini əsaslara görə insanları özbaşına deportasiya etməsi, ölkənin beynəlxalq konvensiyalar üzrə öhdəliklərinin pozulması deməkdir.
Banqladeş Xarici İşlər Nazirliyi məsələ ilə bağlı verdiyi açıqlamada məcburi geri göndərmə siyasətini pisləyərək, yalnız Banqladeş vətəndaşı olduğu təsdiqlənmiş şəxslərin qəbul ediləcəyini bildirib.