Aİ ABŞ-la tarif razılaşmasına yaxınlaşır


Avropa İttifaqı (Aİ) Komissiyası ABŞ-la tariflər mövzusunda intensiv danışıqlar apardıqlarını və razılaşmanın əlçatan məsafədə olduğunu bildirib.



Aİ Komissiyasının sözçülərindən Olof Gill Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ ilə ABŞ arasında tariflərlə bağlı davam edən danışıqlara dair açıqlama verib.



Gill deyib ki, Aİ və ABŞ texniki və siyasi səviyyədə intensiv şəkildə müzakirələr aparmağa davam edir.



O, razılaşma əldə etməyə fokuslandıqlarını və razılaşdırılmış bir nəticəyə çatmağı hədəflədiklərini vurğulayıb.



Digər tərəfdən, Aİ-yə üzv ölkələr ABŞ-la ticarət razılaşmasının əldə olunmaması halında tətbiq ediləcək 93 milyard avro dəyərindəki ABŞ məhsullarına qarşı tədbirləri bu gün səsverməyə çıxarıblar.



Beləliklə, əvvəlcədən hazırlanmış 21 milyard avroluq və 72 milyard avroluq iki cavab tədbiri paketi tək siyahıda birləşdirilib. ABŞ-la razılaşma əldə olunmasa, Aİ-nin qarşı tədbirlərinin 7 avqustdan etibarən mərhələli şəkildə qüvvəyə minməsi planlaşdırılır.



Aİ-yə üzv ölkələr ticarətlə bağlı məsələlərdə Aİ Komissiyası tərəfindən təmsil olunur. Bu mərhələdə Aİ Komissiyası ilə ABŞ rəsmiləri tariflər üzrə razılaşma danışıqları aparırlar.



ABŞ Prezidenti Donald Tramp bu həftə verdiyi açıqlamada Yaponiyayla ticarət razılaşması danışıqlarını tamamladıqlarını və Yaponiyanın ABŞ-a 15 faiz gömrük rüsumu ödəyəcəyini bildirib.



Son dövrlərdə ABŞ-ın Aİ ilə də bənzər bir razılaşma imzalayacağına dair gözləntilər güclənib.



Tramp vəzifəyə gəldikdən sonra Aİ ölkələrindən idxal olunan polad və alüminiuma 50 faiz, avtomobil sektoruna 25 faiz, digər məhsullara isə 10 faiz gömrük rüsumu tətbiq etmişdi.



O, Aİ-yə göndərdiyi tarif məktubunda isə 1 avqustdan etibarən Aİ ölkələrindən ABŞ-a göndərilən bütün məhsullara sektoral tariflərdən əlavə olaraq 30 faiz gömrük vergisi tətbiq olunacağını bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu