Danimarka süni intellektlə təqlid edilən üzlərə müəllif hüququ tətbiq edir

Danimarka insanların üz, bədən və səs xüsusiyyətlərinə müəllif hüququ tanıyan yeni qanun layihəsi ilə süni intellekt vasitəsilə hazırlanan saxta məzmunlara qarşı mübarizədə Avropada öncülük etməyə hazırlaşır. Layihə “deepfake” məzmunların icazəsiz yayılmasına qarşı ciddi tədbirlər nəzərdə tutur.
Danimarka hökuməti süni intellektlə yaradılmış “deepfake” (həqiqi görünən rəqəmsal təqlid) məzmunların yayılmasının qarşısını almaq üçün müəllif hüquqları qanunvericiliyində əsaslı dəyişikliklər etməyi planlaşdırır. Yeni tənzimləmə ilə birlikdə fərdlərin öz bədənləri, üz cizgiləri və səsləri üzərindəki hüquqları qanuni şəkildə qoruma altına alınacaq.
Mədəniyyət naziri Yakob Engel-Şmidt bildirib ki, hazırlanan qanun layihəsi parlamentə təqdim edilməzdən əvvəl ictimai rəyə açıq şəkildə təqdim olunacaq. Engel-Şmidt “İnsanlar artıq rəqəmsal surətlərə çevrilərək istismar edilə bilir. Bu vəziyyəti qəbul edə bilmərik” – deyə vurğulayıb. Nazir layihənin parlamentdə doqquz deputatdan onunun dəstəyini qazandığını da əlavə edib.
İcazəsiz təqlid məzmunlar silinə biləcək
Qanun layihəsinə görə, şəxslər öz razılıqları olmadan hazırlanmış və paylaşılmış rəqəmsal təqlid məzmunların internetdən silinməsini tələb edə biləcəklər. Bu qoruma ifaçıların performanslarının rəqəmsal surətlərini də əhatə edəcək. Həmçinin qanun pozuntusu baş verdiyi halda zərərçəkmiş şəxslərə təzminat hüququ da veriləcək.
Parodiya və satira istisnadır
Danimarka hökuməti qeyd edir ki, yeni tənzimləmə ifadə azadlığını məhdudlaşdırmayacaq. Parodiya və satira tərkibli məzmunlar qanunun əhatə dairəsinə daxil edilməyəcək. Lakin platformalar qanunun müddəalarını yerinə yetirməzsə, ciddi maliyyə cərimələri tətbiq edilə bilər.
Avropa İttifaqı gündəmində olacaq
Engel-Şmidt bu təşəbbüsün Avropa miqyasında nümunə olacağına ümid etdiklərini bildirib.
Danimarka yaxınlaşan Avropa İttifaqı sədrliyi dövründə bu qanun layihəsini digər üzv ölkələrə təqdim etməyi planlaşdırır. Nazir deyib ki, əgər platformalar yeni qaydalara əməl etməsə, məsələ Avropa Komissiyasına çıxarıla bilər. Bu səbəbdən qaydaların ciddi qəbul ediləcəyini düşünür.