Səhiyyədə böyük islahat dalğası: TƏBİB və İTSDA müxtəlif nazirliklərə birləşdirilir


Azərbaycanın səhiyyə idarəçiliyində illərdir müzakirə olunan "böyük birləşmə" və struktur islahatları rəsmən start götürdü. TƏBİB-dəki qəfil rəhbər dəyişikliyi buz dağının görünən tərəfidir.

Bu gün səhiyyə sektorunda baş verən kadr dəyişikliyi ölkənin tibbi idarəetmə modelinin tamamilə yenilənəcəyindən xəbər verir. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsi və rəhbərliyin müvəqqəti olaraq Anar İsrafilova tapşırılması böyük islahatlar zəncirinin ilk halqasıdır.

AFN.az-ın etibarlı mənbələrdən əldə etdiyi eksklüziv məlumatlara görə, yaxın günlərdə səhiyyə sektorunda xəritə tamamilə dəyişəcək. Əsas yenilik TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi ilə bağlıdır. Bildirilir ki, qurumun "publik hüquqi şəxs" statusu saxlanılacaq, lakin o, artıq müstəqil deyil, nazirliyin birbaşa tabeliyində fəaliyyət göstərən struktur bölməsi olacaq. Proses başa çatdıqdan sonra quruma tamamilə yeni rəhbərin təyin ediləcəyi gözlənilir.

İslahatların gözlənilməz tərəfi

İslahatların ikinci və bəlkə də ən gözlənilməz tərəfi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) ilə bağlıdır. İddialara görə, İTSDA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirilir. Qurumun hüquqi statusu qorunsa da, nazirliyin digər agentlikləri kimi fəaliyyət göstərəcək. Hazırkı rəhbər Zaur Əliyevin yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı və yerinə yeni təyinatın olacağı da bizə çatan xəbərllər sırasındadır.

Səhiyyə Nazirliyində "yeni qan": müavin postları artırılır

Səlahiyyətləri genişlənən Səhiyyə Nazirliyində də kadr islahatları qaçılmazdır. Məlumata görə, nazirlikdə iki yeni müavin ştatı yaradılacaq və yaxın vaxtlarda təyinatlar gerçəkləşəcək. Nazir Teymur Musayevin taleyi isə birbaşa fəaliyyətinin bu keçid dövründəki effektivliyindən asılı olacaq. Mənbə qeyd edir ki, nazir hələlik postunda qalacaq, lakin onun fəaliyyətinin davamlılığı islahatların nəticələri ilə ölçüləcək: "Özünü doğrulda bilsə, qalacaq".

Proseslər nə vaxt yekunlaşaq?

Səhiyyə sistemindəki bu köklü transformasiyanın fevral ayının sonuna qədər tam yekunlaşması və rəsmi sənədlərin imzalanması gözlənilir. Görünən odur ki, hökumət səhiyyə idarəçiliyindəki pərakəndəliyi aradan qaldırmaqda qərarlıdır. Bu, nə dərəcədə effektiv olacaq, yaşayıb görəcəyik.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu