Lavrovla bağlı narazılıq G20-də ənənəvi ailə fotosunun çəkilməsinə mane olub



ABŞ-ın Atlanta şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı bəzi avropalı diplomatların Rusiyanın xarici işlər naziri Sergey Lavrovla eyni fotoda yer almaq istəməməsi səbəbindən ənənəvi ailə fotosu çəkilmədən başlayıb.

AFN.az xəbər verir ki, ABŞ-ın Atlanta şəhərində keçirilən və Türkiyənin xarici işlər naziri Hakan Fidanın da iştirak etdiyi G20 Xarici İşlər Nazirləri Toplantısı Rusiya ilə bəzi Avropa ölkələri arasındakı fikir ayrılıqları səbəbindən ailə fotosu çəkilmədən başlayıb.

Corciya ştatının Atlanta şəhərində təşkil olunan G20 Xarici İşlər Nazirləri Toplantısına diplomatlar arasında yaşanan foto böhranı ilə start verilib.

Bu ilki G20 Xarici İşlər Nazirləri Toplantısında nazirlər ənənəvi ailə fotosu çəkilişini keçərək birbaşa açılış çıxışlarının ediləcəyi zala daxil olublar.

Associated Press (AP) xəbər agentliyi ABŞ rəsmilərinə istinadən yaydığı məlumatda bəzi avropalı diplomatların Rusiyanın xarici işlər naziri Sergey Lavrovla eyni fotoda görünmək istəməməsi səbəbindən ABŞ-ın ənənəvi ailə fotosu çəkilişini ləğv etdiyini bildirib.

Almaniyanın xarici işlər naziri İohan Vadeful məsələ ilə bağlı Almaniya mediasına açıqlamasında Avropalı tərəfdaşlarımızın Lavrovla birlikdə göründüyü ailə fotosu olmayacaq, çünki dünən söylədiklərim hələ də qüvvədədir: Rusiya ilə normal münasibətlərdən söhbət gedə bilməz ifadəsini işlədib.

Açılış iclasında çıxış edən ABŞ-ın xarici işlər naziri Marko Rubio toplantıda iştirak edən nazirlərə təşəkkür edib və G20 ölkələrinin bir-biri ilə müzakirə edəcəyi çoxsaylı məsələlərin olduğunu bildirib.

Rubio toplantını təkcə ABŞ üçün deyil, bütün dünya üçün seçim anı kimi qiymətləndirərək, bir-biri ilə əlaqəli bir sıra iqtisadi və geosiyasi böhranlarla üzləşdiklərini, bunların bir çoxunun qlobal iqtisadi nizamın əsas dayaqları üçün ciddi təhlükə yaratdığını deyib.

Bu təhdidlərin qlobal enerji, ərzaq tədarükü, ticarət və hətta dəniz nəqliyyatı azadlığı sahələrində problemlərə səbəb olduğunu bildirən Rubio, G20-nin bu təhdidlərlə üzləşmək, iqtisadi dayanıqlılığı gücləndirmək, bazarları və iqtisadiyyatları qorumaq üçün birgə çalışmalı olduğunu vurğulayıb.

Diplomatların və siyasi liderlərin mühüm rol oynadığını qeyd edən ABŞ rəsmisi ortaq maraqları praktiki əməkdaşlığa və konkret addımlara çevirməklə qlobal sabitliyi möhkəmləndirməyin və daha da vacibi, vətəndaşlar üçün əhəmiyyətli nəticələr əldə etməyin mümkün olduğunu bildirib.

Rubionun salamlama çıxışından sonra toplantının qalan hissəsi mətbuat üçün qapalı keçirilib.

Atlanta şəhərindəki G20 Xarici İşlər Nazirləri Toplantısında Rusiya və Çinlə yanaşı, Avropa ölkələrinin xarici işlər nazirləri də iştirak edirlər. Görüşdə xüsusilə Rusiya-Ukrayna müharibəsi və İran böhranının ön plana çıxacağı gözlənilir.

ABŞ G20-yə sədrliyi 2025-ci il dekabrın 1-də Cənubi Afrikadan təhvil alıb. ABŞ-ın ev sahibliyi edəcəyi G20 Liderlər Sammiti 2026-cı il dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ G20-yə sədrliyi dekabrın 15-də Britaniyaya təhvil verəcək.

Əsas inkişaf etmiş ölkələrlə yanaşı, inkişaf etməkdə olan iqtisadiyyatların da təmsil olunduğu G20 beynəlxalq maliyyə sisteminin daha sabit struktura qovuşdurulması məqsədilə yaradılıb.

19 ölkə ilə yanaşı, Avropa İttifaqı (Aİ) və Afrika İttifaqını (Afİ) eyni platformada bir araya gətirən G20 qlobal iqtisadiyyatın təxminən 85 faizini, ticarətin 75 faizini və dünya əhalisinin üçdə ikisini təmsil edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu