Tramp və Vens ABŞ-da aralıq seçkilər öncəsi bəzi tədbirlərini ləğv edib
ABŞ Prezidenti Donald Tramp və vitse-prezident JD Vensin noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər yaxınlaşarkən son günlər üçün planlaşdırılan bəzi tədbirlərini ləğv etdikləri bildirilir.
AFN.az xəbər verir ki, “The Hill” qəzetinin məlumatına görə, Tramp həftəsonu Ayova və Kanzas ştatlarında keçirilməsi gözlənilən seçki mitinqlərində iştirak etməyəcək.
Adı açıqlanmayan Ağ Ev rəsmisi Trampın Kanzasda şəxsən iştirak edəcəyi mitinqin ləğv olunduğunu təsdiqləyib. Respublikaçılar Milli Komitəsi (RNC) də Trampın Ayovadakı mitinqinin ləğv edildiyini açıqlayıb.
Ağ Ev rəsmisi Trampın seçki gününə qədər 20-dən çox onlayn telemitinq vasitəsilə ölkə üzrə amerikalılarla birbaşa ünsiyyət qurmağa davam edəcəyini bildirib.
Rəsmi şəxs üzbəüz mitinqlərin hansı səbəbdən ləğv edildiyinə dair ətraflı məlumat verməyib, lakin onlayn tədbirlərin Trampa ölkə üzrə əhatə dairəsini genişləndirmək imkanı yaradacağını qeyd edib.
Trampın noyabrın 3-dək Texas, Kanzas, Ayova, Nyu-York, Pensilvaniya, Miçiqan, Montana və Cənubi Karolina kimi ştatlarda telemitinqlər keçirməsi gözlənilir.
“NBC News” telekanalının məlumatına görə, Tramp Kanzas ştatına getməli olduğunu düşünmədiyini bildirərək, respublikaçı senator Rocer Marşallın yaxşı nəticə göstərdiyini iddia edib.
Ləğv edilən tədbirlərdən sonra Trampın seçki öncəsi keçirəcəyi yeganə üzbəüz mitinqin bu gün Floridada təşkil olunacaq tədbir olduğu bildirilir.
Digər tərəfdən, “CBS News” telekanalının məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinin rəsmisi Vensin bu gün Minnesota ştatının Sent-Klod şəhərində dələduzluqla bağlı keçirməsi planlaşdırılan mətbuat konfransının da ləğv edildiyini təsdiqləyib.
Tədbirin hansı səbəbdən ləğv edildiyi və başqa tarixdə keçirilib-keçirilməyəcəyi barədə məlumat verilməyib.
Bəzi internet saytları və sosial media hesabları sözügedən ləğvlərin ABŞ-ın İrana qarşı mümkün yeni hücum planları ilə eyni vaxta təsadüf etməsinə diqqət çəkiblər.
Associated Press (AP) agentliyinin iki amerikalı diplomata istinadən yaydığı məlumata görə, Vaşinqton Yaxın Şərqdəki müttəfiqlərini gələn həftə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hücumların yenidən başlaya biləcəyi və Tehran rəhbərliyinin cavab zərbələrinə hazır olmaları barədə xəbərdar edib.
“The Wall Street Journal” (WSJ) qəzeti də ABŞ-ın Körfəz ölkələrini daha əvvəl İranla hərbi gərginliyin artması ehtimalına qarşı hazırlıqlı olmaları barədə xəbərdar etdiyini yazıb.
