Ukraynada 10,8 milyon insan humanitar yardıma möhtacdır



Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var. 

AFN.az xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Avropa üzrə regional direktoru Filip Lekler bu barədə BMT-nin Cenevrə Ofisində keçirilən həftəlik mətbuat konfransında danışıb.

Qış mövsümünün yaxınlaşması ilə Rusiyanın Ukrayna ərazisinə hücumlarının intensivləşdiyini bildirən Lekler bu hücumlarda mülki şəxslərin və humanitar yardım əməkdaşlarının hədəf alındığını qeyd edib.

Lekler beynəlxalq ictimaiyyəti qətiyyətini qorumağa, həm Ukraynada qalanlara, həm də başqa yerlərdə sığınacaq tapanlara dəstək verməyə davam etməyə çağırıb.

Ukraynaya hücumların fasiləsiz davam etdiyini bildirən Lekler kritik enerji infrastrukturunun hədəfə alınmasının uzunmüddətli elektrik kəsintiləri riskini artırdığını deyib.

Enerji infrastrukturuna hücumlara toxunan Lekler bildirib ki, bu vəziyyət milyonlarla insanı istilik və elektrik enerjisindən məhrum edir, onların suya və digər əsas ehtiyaclara çıxışını da məhdudlaşdırır. O, uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların artmasının Ukraynada artıq təhlükəsiz yer qalmadığı anlamına gəldiyini vurğulayıb.

BMTQAK-nın Ukraynanın vətəndaş cəmiyyəti təşkilatlarından olan tərəfdaşları ilə birlikdə sığınacaq dəstəyi, hüquqi yardım, psixi sağlamlıq üzrə məsləhətlər və pul yardımı kimi təcili yardım və müdafiə xidmətləri göstərməyə davam etdiyini deyən Lekler, Komissarlığın və tərəfdaşlarının da hücumlarla üzləşdiyini bildirib.

Leklerin sözlərinə görə, cəbhə bölgələrindən təxliyələrin əhəmiyyətli dərəcədə artması ölkə daxilində məcburi köçkünlüyün davam edəcəyini göstərir. 2026-cı ilin yanvarından bəri BMTQAK-nın dəstəklədiyi keçid mərkəzlərində təxliyə edilən 136 mindən çox insan qəbul olunub. Bu, 2025-ci il ərzində cəbhə xəttinə yaxın ərazilərdəki mərkəzlərdən keçən təxminən 80 min nəfərlə müqayisədə 70 faiz artım deməkdir.

Lekler məcburi köçkünlərin bir çoxunun olduqca həssas vəziyyətdə olduğunu qeyd edərək, Ukrayna üzrə ümumilikdə 10,8 milyon insanın humanitar yardıma ehtiyac duyduğunu bildirib.

Ukraynadan qaçan təxminən 5,2 milyon qaçqının Avropanın müxtəlif ölkələrində yaşamağa davam etdiyini vurğulayan Lekler, 2022-ci ilin fevralında Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra Avropa ölkələrinin həmrəylik nümayiş etdirərək milyonlarla insanın müdafiə və yardıma dərhal çıxışını təmin etdiyini xatırladıb.

Lekler milli sistemlərə uzunmüddətli inteqrasiya sahəsində irəliləyişin aydın göründüyünü bildirib. Onun sözlərinə görə, dünən dərc olunan qurumlararası araşdırmaya əsasən, 2025-ci ildə doqquz ölkədə yaşayan yetkin ukraynalı qaçqınların 67 faizi işləyib, qaçqın uşaqların isə 84 faizi məktəblərdə qeydiyyatda olub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu