BMT 2024-cü ildə Ukraynaya 4,2 milyard dollar yardım göstərməyə çağırır


Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024-cü ildə Ukraynadakı müharibədən zərər çəkənlərə və ukraynalı qaçqınlara dəstək üçün ümumilikdə 4,2 milyard dollar yardım çağırıb.


BMT-nin Cenevrədəki ofisində təşkilatın Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən 2024-cü il üçün “Ukrayna regional qaçqın və humanitar cavab planı”nın icrasına başlamaq üçün mətbuat konfransı keçirilib.

Tədbirdə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Martin Qriffits və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məruzəçi qismində iştirak ediblər.

Rusiya ilə Ukrayna arasındakı müharibənin gələn ay üçüncü ilinə girəcəyini xatırladan Qriffits bu vəziyyətin ölümlərə, ümidsizliyə və qaçqın axınına səbəb olduğunu vurğulayıb.

Ukraynada 14,6 milyon insanın (əhalinin 40 faizi) yardıma ehtiyacı olduğunu qeyd edən Qriffits, ölkədə 4 milyon insanın ölkə daxilində didərgin düşdüyünü bildirib.

Qriffits Ukraynada təxminən 3,3 milyon insanın döyüş bölgələrində və bombardman altında yaşadığını ifadə edərək, bunun təəccüblü dərəcədə yüksək rəqəm olduğunu vurğulayıb.

OCHA-nın 2024-cü ildə Ukraynadakı humanitar ehtiyaclara cavabı koordinasiya etmək üçün 3,1 milyard dollar yardım tələb etdiyini qeyd edən Qriffits, bununla 8,5 milyon insana çatmağı hədəflədiklərini vurğulayıb.

Qrandi Ukraynada milyonlarla mülki vətəndaşın vəziyyətinə də diqqət çəkərək qış dövründə yaşanan çətinliklərin daha da artdığını bildirib.

Ukraynada 10 milyondan çox insanın müharibə səbəbilə ev-eşiyindən didərgin düşdüyünü xatırladan Qrandi 6,3 milyon insanın qaçqın olaraq başqa ölkələrə getdiyini vurğulayıb.

BMT Ukrayna regional qaçqın və humanitar cavab planı vasitəsilə bu il 10,8 milyon insanı dəstəkləməyi hədəfləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu