Fransada istehlakçı inamı 13 ilin minimumuna düşüb



Fransada son dövrdə artan etirazlar, işsizliyin yüksəlməsi və qiymət artımlarının təsiri ilə istehlakçı inamı oktyabr ayında son 13 ilin ən aşağı səviyyəsinə enib. 

AFN.az xəbər verir ki, Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) oktyabr ayı üzrə istehlakçı inamı indeksinin göstəricilərini açıqlayıb.

Məlumata görə, istehlakçı inamı indeksi əvvəlki ayla müqayisədə 5 bənd azalaraq 80-ə düşüb. Bu, 2013-cü ilin iyun ayından bəri qeydə alınan ən aşağı göstəricidir.

Bazar gözləntiləri indeksin oktyabrda 85 bənd səviyyəsində sabit qalacağı istiqamətində idi. Gözləntilərdən aşağı olan indeks 1987-ci ilin yanvarından 2025-ci ilin dekabrınadək olan dövr üzrə 100 bəndlik uzunmüddətli orta göstəricidən də xeyli aşağı səviyyədə qalmaqda davam edib.

Fransada orta məktəb şagirdlərinin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə sentyabrın ortalarında başlatdığı aksiyalar qısa müddətdə hökumətin iqtisadi siyasətinə qarşı genişmiqyaslı kütləvi etirazlara çevrilib.

Sosial narazılıqlarla yanaşı, yaşayış xərclərinin artması da istehlakçıların əhvalına birbaşa təsir göstərib. Son 12 ayda qiymətlərin kəskin artdığını düşünən istehlakçıların payı oktyabrda daha 8 bənd yüksəlib.

Əhalinin şəxsi maliyyə vəziyyətinə dair qiymətləndirmələrdə də ciddi pisləşmə qeydə alınıb. İstehlakçıların gələcək maliyyə vəziyyəti ilə bağlı gözləntilərini əks etdirən indeks 9 bənd, əvvəlki maliyyə vəziyyətinə dair qiymətləndirmələri isə 6 bənd azalıb. Hər iki göstərici tarixi orta səviyyələrindən sürətlə uzaqlaşıb. Mövcud iqtisadi şəraitdə iri alış-verişlər üçün münasib vaxt olduğunu düşünənlərin payı isə 4 bənd geriləyib.

Sentyabrda müvəqqəti azalan işsizliklə bağlı narahatlıq oktyabrda yenidən artaraq 5 bənd yüksəlib. Digər tərəfdən, istehlakçıların yığım meyillərində də zəifləmə müşahidə olunub. Mövcud dövrü qənaət etmək üçün münasib vaxt hesab edən ev təsərrüfatlarının payı 6 bənd azalıb.

Gələcəkdə yığım imkanlarına dair gözləntilər 3 bənd geriləyib, hazırkı yığım imkanları ilə bağlı qiymətləndirmələr isə dəyişməz qalıb. Bu azalmaya baxmayaraq, ümumi yığım mühiti indeksi 118 bəndlə uzunmüddətli orta göstərici olan 100 bənddən yuxarı səviyyəsini qoruyub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu