Dənizlər iyul ayı üçün qeydə alınan ən yüksək temperatur səviyyəsinə çatıb



Dünyadakı dənizlərin iyul ayı üzrə orta səth temperaturu indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatıb. 

AFN.az xəbər verir ki, Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, Atlantik okeanı sahillərində və Qərbi Aralıq dənizində iyul ayı üzrə dəniz səthi temperaturu rekord həddə yüksəlib.

Qütb bölgələri istisna olmaqla, qlobal orta dəniz səthi temperaturu 2023-cü ilin iyulunda qeydə alınan əvvəlki rekordu geridə qoyub.

Qlobal səth hava temperaturu isə bu ilin iyul ayında 2024-cü ilin iyul ayındakı göstərici ilə müqayisədə 0,01 dərəcə Selsi aşağı olub. Alimlər bunu qeydə alınan ikinci ən isti iyul ayı kimi qiymətləndirib.

Qərbi Avropa məlumatların qeydə alınmağa başlanmasından bəri ən isti iyun-iyul dövrünü keçirib. Həddindən artıq isti Aralıq dənizi boyunca geniş əraziləri əhatə edən meşə yanğınlarına səbəb olub. Kopernik məlumatlarına görə, 2026-cı ilin yayının ilk iki ayı mövsüm normalarından 2,79 dərəcə Selsi yüksək olmaqla dörd il əvvəlki rekordu qırıb.

Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin iqlimşünası Samanta Burqess davamlı yüksək təzyiq sistemlərinin istiliyi Qərbi Avropa üzərində saxladığını, həddindən artıq temperaturun quraqlığı artırdığını bildirib. Burqess torpağın quruduqca təbii soyutma qabiliyyətini itirdiyini qeyd edib.

Fransa, İspaniya, Almaniya və İngiltərənin bəzi bölgələrini əhatə edən quraqlıq səbəbindən çayların su axını azalıb. Su səviyyələrinin aşağı düşməsi su təchizatına, suvarma sistemlərinə və elektrik stansiyalarına mənfi təsir göstərib. Polşada iki kömür elektrik stansiyası, Macarıstanda isə ölkənin yeganə nüvə elektrik stansiyası soyutma suyunun çatışmazlığı səbəbindən müvəqqəti olaraq istehsalı dayandırıb.

İlkin hesablamalara görə, iyun ayında yaşanan isti hava dalğalarının taxıl istehsalçılarına 2 milyard avroya başa gəldiyi bildirilib. CMCC Avropa İqtisadiyyat İnstitutunun hazırladığı araşdırmada quraqlığın kənd təsərrüfatı ilə yanaşı, istehsal və tikinti sektorlarına da uzunmüddətli iqtisadi təsirlər göstərdiyi qeyd edilib.

Avropa Meşə Yanğınları Məlumat Sisteminin məlumatlarına görə, ilin əvvəlindən etibarən Avropa İttifaqı üzrə təxminən 500 min hektar ərazi yanıb. Yanğınlar səbəbindən hava çirkliliyi orta göstəriciləri keçib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu