2026-cı ilin mayı dünyada ən isti ikinci may ayı oldu



Dünyada 2026-cı ilin may ayı səth temperaturu baxımından qeydlərdəki ən isti ikinci may ayı olub.

AFN.az xəbər verir ki, Avropanın bir hissəsində erkən və şiddətli anomal isti hava dalğası, bəzi ölkələrdə isə normadan artıq yağıntılı hava şəraiti müşahidə edilib.

Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) nəzdindəki Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) may ayı üzrə temperatur göstəricilərini açıqlayıb.

Hesabata əsasən, qlobal səth temperaturu orta hesabla 15,81 dərəcə təşkil edərək, 1991-2020-ci illərin may ayı ortalamasını 0,55 dərəcə üstələyib.

Ötən ayın orta səth temperaturu sənayedən əvvəlki 1850-1900-cü illər dövrünün ortalaması ilə müqayisədə 1,42 dərəcə yüksək olub.

Bununla da 2026-cı ilin mayı tarixdə ən isti ikinci may ayı kimi qeydə alınıb. Ən isti may ayı isə 2024-cü ildə yaşanmışdı.

Dünyada dəniz səthinin temperaturu da may ayında 20,9 dərəcə qeydə alınaraq tarixin ən yüksək ikinci göstəricisi olub, bu sahədəki rekord isə 20,93 dərəcə ilə 2024-cü ilin mayına məxsusdur.

Ekvatorial Sakit okean növbəti aylarda formalaşması gözlənilən El Nino şəraitinə doğru keçidini davam etdirərkən, tropik Sakit okeanın böyük bir hissəsində dəniz səthinin temperaturu qeyri-adi dərəcədə yüksək səviyyədə qalmaqda davam edib.

May ayı Avropa miqyasında normadan xeyli sərin hava şəraitindən Qərbi Avropada ilin erkən və şiddətli isti hava dalğalarına sürətli keçid dövrü olub.

Qərbi Avropadakı bu isti hava dalğası ilin bu qədər erkən dövründə müşahidə olunan ən intensiv şərait kimi qeydlərə düşüb.

İsti hava dalğası zamanı Fransa, Böyük Britaniya, İrlandiya və Portuqaliya xüsusilə ağır şəraitlə üzləşib.

Kopernik Xidmətinin məlumatına görə, sözügedən erkən isti hava dalğası diqqətçəkən olsa da, sürətlə qızışan Avropada bu cür halların daha tez-tez, şiddətli və erkən baş verməsinə dair uzunmüddətli tendensiya ilə tam uzlaşır.

Ay ərzində quraq və yağıntılı hava şəraiti arasında da kəskin təzadlar yaranıb.

İtaliya və İspaniya da daxil olmaqla Qərbi, Mərkəzi və Şərqi Avropanın geniş ərazilərində yağıntıların miqdarı normadan aşağı olub.

Bunun əksinə olaraq Türkiyə, Bolqarıstan və Moldovada genişmiqyaslı daşqınlar baş verib.

Kontinental Avropanın şimal-qərbi, Şimali Skandinaviya, Finlandiya, Türkiyə və Qara dəniz regionunun bəzi hissələri normadan artıq yağıntı qəbul edib.

Bundan əlavə, Avropa mart-may dövründə tarixdəki ən isti üçüncü yaz fəslini yaşayıb.

Şimali Amerika, Çinin qərbi, Braziliya, Cənubi Afrika və Avstraliyanın böyük hissəsində normadan artıq yağıntılı hava şəraiti hökm sürdüyü halda, ABŞ-nin mərkəzi hissələri, Mərkəzi Asiyanın böyük qismi, Madaqaskar, Avstraliyanın cənub-qərbi və Cənubi Amerikanın geniş ərazilərində yağıntıların miqdarı normadan az olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu