Ceyms Komi məxfi məlumatları mediaya sızdırmaqda ittiham olunur



ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komiyə 2016-cı ildə milli təhlükəsizliklə bağlı məxfi məlumatları mediaya sızdırdığı iddiası ilə federal səviyyədə ittiham irəli sürülüb. 

AFN.az xəbər verir ki, ABŞ mətbuatının məlumatına görə, Ədliyyə Nazirliyinə tabe olan federal prokurorlar Kominin FTB direktoru vəzifəsində çalışdığı 2016-cı ilin oktyabrında məxfi məlumatların “The New York Times” qəzetinə sızdırılması ilə bağlı ona qarşı iki ayrı ittiham irəli sürüblər.

Məhkəməyə təqdim edilən sənədlərdə Kominin ABŞ-ın elektron poçtların izlənilməsi fəaliyyəti barədə “The New York Times” müxbiri ilə danışmaları üçün əməkdaşlarına göstəriş verdiyi və bununla məxfi məlumatların qanunsuz şəkildə ötürüldüyü iddia olunur.

Komi isə sosial media hesabında yayımladığı videoda ona qarşı irəli sürülən ittihamları rədd edərək, Ədliyyə Nazirliyinin prokurorlarını səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb.

İttihamların Ədliyyə Nazirliyinin müstəqilliyinə zərər vurduğunu bildirən Komi "Mənim üçün heç nə dəyişməyib. Hələ də günahsızam, bu insanlardan qorxmuram və müstəqil federal məhkəmə sisteminə inanmağa davam edirəm" deyib.

Yeni ittihamlarla birlikdə ABŞ Prezidenti Donald Trampın administrasiyası dövründə Komiyə qarşı federal səviyyədə cinayət işi açılması üçün üçüncü dəfə cəhd göstərilmiş olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu