Aİ və Kanada müdafiə sahəsində əməkdaşlığı dərinləşdirəcək
Avropa İttifaqı (Aİ) və Kanada Arktikadan Qara dənizədək müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyi planlaşdırır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rapporteur portalı Monrealda keçiriləcək sammit üçün hazırlanmış birgə bəyanat layihəsinə istinadən məlumat yayıb.
Sənəddə Kanada və Aİ-nin ümumi təhlükəsizlik və müdafiə sahəsində məsuliyyəti artırmaq məqsədilə strateji tərəfdaş olduqları bildirilir. Tərəflər qlobal böhranların həlli, müdafiə sənayesi, dəniz və kosmik təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməklə təhlükəsizlik və müdafiə tərəfdaşlığının həyata keçirilməsini sürətləndirməyi nəzərdə tuturlar.
Bəyanat layihəsində Kanadanın Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti çərçivəsində həyata keçirilən missiya və əməliyyatlarda iştirakını genişləndirməkdə maraqlı olduğu da qeyd edilir.
Oktyabrın 29-30-da Monrealda keçiriləcək Aİ-Kanada sammitində iqtisadi əməkdaşlıqla yanaşı, təhlükəsizlik, enerji və informasiya texnologiyalarının inkişafı məsələləri müzakirə olunacaq.
