Abdullah Öcalan İmralıdakı yeni iqamətgahına köçürülüb
PKK lideri Abdullah Öcalan İmralı adasında onun üçün inşa edilən yeni iqamətgaha köçüb.
AFN.az xəbər verir ki, bu barədə Türkiyənin DEM Partiyasından olan Şanlıurfa millət vəkili, İmralı heyətinin üzvü Mithat Sancar “Medya Haber TV”yə müsahibəsində məlumat verib.
Sancar Türkiyədə “Terrorsuz Türkiyə” adı ilə tanınan Sülh və Demokratik Cəmiyyət Prosesi çərçivəsində əldə olunan nəticələrə münasibət bildirib. Onun sözlərinə görə, Öcalanın yeni iqamətgaha köçməyə razılaşması prosesin gedişi baxımından mühüm əhəmiyyət daşıyır.
Sancar hesab edir ki, Öcalanın yeni ünvana köçməsi prosesin daha sürətli irəliləməsi zərurətini ortaya qoyur.
Xatırladaq ki, Öcalan üçün İmralı adasında yeni yaşayış binasının tikintisi məsələsi avqust ayında MHP sədri Dövlət Baxçalının açıqlamasından sonra ictimai müzakirəyə çıxmışdı. Baxçalı həmin vaxt PKK liderinin status məsələsini gündəmə gətirdiyinə görə hələlik yeni iqamətgaha köçməyə razılıq vermədiyini söyləmişdi.
Mithat Sancar da həmin dövrdə Öcalanın köçməsi ilə bağlı xəbərləri təkzib etmişdi.


