PKK üzvləri şərti azadlığa buraxıla və ya ümumiyyətlə həbs olunmaya bilərlər


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) hələlik PKK lideri Abdullah Öcalanın şərti azadlığa buraxılması və ya ev dustaqlığına keçirilməsi ilə bağlı qəti qərar qəbul etməyib.

AFN.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, digər PKK üzvləri üçün müvəqqəti qanunvericilik həlləri hazırlanır. Mövcud qanunlara əsasən, ağırlaşdırıcı şərtlərlə ömürlük həbs cəzası almış terror təşkilatı üzvləri şərti azadlıqdan yararlana bilməzlər.

Lakin "Terrorizmdən azad Türkiyə" prosesi çərçivəsində hazırlanan yeni təşəbbüslər həbsxanada 25 il keçirmiş PKK üzvlərinə növbəti 10 il üçün şərti azadlıq hüququ verə bilər. "Türkiye" qəzeti yazır ki, bu norma birbaşa Öcalana şamil edilməyəcək, çünki onun azad edilməsi üçün cinayət məcəlləsinə ciddi dəyişikliklər tələb olunur və hazırda hakim partiyada bu məsələdə yekdil rəy yoxdur.

Bununla belə, cinayət törətməmiş və Türkiyəyə qayıdan PKK üzvləri həbs edilməyəcək, yalnız məhkəmə nəzarətində saxlanılacaqlar; beş il ərzində qanun pozuntusu etməsələr, nəzarət götürüləcək. Cəzasının böyük hissəsini çəkmiş şəxslərə qalan müddəti həbsxanadan kənarda keçirməyə icazə verilməsi planlaşdırılsa da, hər bir hal fərdi şəkildə araşdırılacaq.

Bu müvəqqəti normalar yalnız rəsmən buraxılma prosesində olan terror təşkilatlarına aid ediləcək, FETÖ kimi təşkilatların üzvləri isə bu qanundan yararlana bilməyəcəklər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu