Dodik: Bosniya və Herseqovina NATO-ya üzv olmayacaq
Bosniya və Herseqovina NATO-ya üzv olmaq niyyətində deyil. Bunu ölkənin tərkibindəki Serb Respublikasının hakim “Müstəqil Sosial-Demokratlar İttifaqı” partiyasının sədri Milorad Dodik bəyan edib.
AFN.az xəbər verir ki, Dodik bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
O bildirib ki, Bosniya və Herseqovinanın NATO-ya üzvlüyü məsələsi çoxdan bağlanıb və alyansla əməkdaşlıq mümkün olsa da, üzvlük nəzərdə tutulmur.
“Əgər kimsə bunu hələ də anlamayıbsa, izahı mümkün olmayanı izah etməyə çalışaraq vaxt itirməyə davam edə bilər. Bunu hələ də başa düşməyənlər üçün deyirəm: biz heç bir hərbi alyansa, xüsusilə də NATO-ya qoşulmayacağıq. Bunun səbəbləri hər kəsə məlumdur”, - deyə Dodik qeyd edib.
Dodik daha əvvəl də Serb Respublikasının neytral statusunu qorumağı planlaşdırdığını açıqlayıb. O, həmçinin NATO aviasiyasının serb ərazilərini uran tərkibli sursatlarla bombalamasını cinayət adlandırıb və bunu alyansın serblərə münasibətinin göstəricisi kimi qiymətləndirib.




