ABŞ Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlinin bərpasına çalışır - media


ABŞ Rusiya qazının Ukrayna ərazisindən tranzit yolu ilə Avropaya nəqlinin tezliklə bərpasına tərəfdardır.

AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bu ideyanı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner sentyabr ayında Moskva və Kiyevə səfərləri zamanı irəli sürüblər. Təklif Rusiya qazının Avropa bazarına ABŞ vasitəçisi üzərindən satılmasını və bununla da Avropa sanksiyalarından yan keçilməsini nəzərdə tutur.

Məlumata görə, Vaşinqton bu təşəbbüsü Avropa liderlərinə də təqdim etməyə çalışıb. Təklifin əsas məqsədlərindən biri qış ərəfəsində Avropanın qaz ehtiyatlarının rekord dərəcədə aşağı düşməsi fonunda enerji qiymətlərini azaltmaqdır.

Nəşr bildirir ki, Ağ Ev Rusiya qazının satışından əldə ediləcək vəsaitin üçüncü tərəfin yurisdiksiyası altında olan eskrou hesabında saxlanılmasını da təklif edib.

Bundan başqa, Vaşinqtonda “Şimal axını” qaz kəmərinin fəaliyyətinin bərpası daha genişmiqyaslı razılaşmanın potensial əhəmiyyətli tərkib hissəsi kimi nəzərdən keçirilir. Qəzetin yazdığına görə, belə bir razılaşma yalnız Ukrayna böhranının həllinə deyil, həm də Rusiyanın ABŞ-ın Avropadakı müttəfiqləri ilə uzun müddətdir davam edən fikir ayrılıqlarının aradan qaldırılmasına xidmət edə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu