Şimali Koreya hərbi dəniz qüvvələrini gücləndirmək üçün yeni gəmi inşa edir
Şimali Koreyanın yeni hərbi gəmisi dünyada heç bir ölkənin malik olmadığı döyüş imkanlarına sahib olacaq.
AFN.az Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen In noyabrın 2-də Nampho şəhərindəki gəmiqayırma zavoduna səfəri zamanı bildirib.
Agentliyin Kim Çen Inın sözlərinə istinadən yaydığı məlumatda qeyd olunur ki, müasir müharibə üsulları, dünya üzrə hərbi gəmiqayırmanın inkişaf tendensiyaları və ölkənin konkret şəraiti nəzərə alınmaqla layihələndirilən yeni gəmi kompleks döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. KXDR liderinin iddiasına görə, gəmi dünyanın heç bir dövlətində olmayan əməliyyat imkanlarına malik döyüş sistemi kimi yaradılır.
Kim Çen In tikilməkdə olan gəminin ölçülərindən və xarici görünüşündən məmnunluğunu ifadə edib. O bildirib ki, yeni gəmi bu göstəricilərinə görə 2025-ci ildə inşa edilmiş esminesi xeyli üstələyir. Bununla belə, KCNA gəminin sinfi, suya oturma yerdəyişməsi və texniki xüsusiyyətləri barədə məlumat verməyib.
KXDR lideri ölkənin suüstü və sualtı hərbi dəniz qüvvələrinin sürətlə gücləndirilməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, bu zərurət geosiyasi vəziyyətin dəyişməsi və KXDR-ə qarşı təhdidlərlə bağlıdır. Kim Çen In bildirib ki, heç kimin yaxınlaşmağa cəsarət etməyəcəyi güclü hərbi dəniz qüvvələri yaratmaq üçün qabaqcıl texnologiyalara malik gəmiqayırma bazaları qurulmalıdır.
Zavoda səfəri zamanı Kim Çen In müəssisənin modernləşdirilməsi planı ilə tanış olub. O, istehsalın avtomatlaşdırılmasının artırılması, gəmilərin tikintisinin bütün mərhələlərini əhatə edən intellektual idarəetmə sisteminin tətbiqi, həmçinin gəmilərin inşası və təmiri üçün əlavə quru dokun yaradılması ilə bağlı tapşırıqlar verib.
KXDR liderini səfər zamanı Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin katibi Ço Çun Ryon müşayiət edib.


