Şimali Koreya yeni “Kang Kon” esminesini xidmətə qəbul edib
Şimali Koreya rəhbərliyi nüvə imkanlarına malik gəmilərlə donanmasını gücləndirmək layihəsi çərçivəsində yeni “Kang Kon” esminesini xidmətə qəbul etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya lideri Kim Çen Inın rəhbərliyi ilə ölkənin şərqində yerləşən Vonsan liman şəhərində hərbi mərasim keçirilib.
Mərasim zamanı 5 min tonluq “Kang Kon” adlı yeni esmines xidmətə qəbul edilərək Şimali Koreya Hərbi Dəniz Qüvvələrinin Şərq Dəniz Donanmasının inventarına daxil edilib.
Kim Çen In çıxışında “Yeni nəsil esmines ölkənin malik olduğu nüvə əks-hücum sisteminin tərkibində bir güc kimi düşmənlərə ölümcül cavab zərbəsi endirməlidir” deyib.
Ölkənin donanmasını nüvə silahlı qüvvəyə çevirməyi hədəflədiklərini bildirən Kim Çen In dəniz müdafiəsi və müharibənin qarşısının alınması fəaliyyətlərini daha aydın şəkildə həyata keçirmək istədiklərini vurğulayıb.
Qeyd edək ki, Şimali Koreya iyun ayında 5 min tonluq “Choe Hyon” esminesini də xidmətə qəbul edib. Hərbi gəmi Qərb Dəniz Donanmasının inventarına daxil edilmişdi.


