mRNA peyvəndi dəri xərçənginin təkrarlanma riskini 42% azaldır
Dəri xərçənginə qarşı hazırlanan ilk fərdiləşdirilmiş mRNA xərçəng peyvəndinin son mərhələ klinik sınaqlarında uğur qazandığının açıqlanması tibb dünyasında böyük maraq doğurmuşdu.
AFN.az xəbər verir ki, indi isə peyvəndin uğurunun arxasında dayanan təfərrüatlar dəqiqləşib.
Merck və Moderna şirkətlərinin birgə hazırladığı intismeran autogene adlı eksperimental peyvənd standart müalicə preparatı olan Keytruda ilə birlikdə tətbiq edilib. Əldə olunan məlumatlar göstərib ki, bu kombinə edilmiş müalicəni alan xəstələrdə xərçəngin təkrarlanması və ya ölüm riski yalnız Keytruda qəbul edənlərlə müqayisədə 42 faiz aşağı olub.
COVID-19 peyvəndlərində istifadə olunan mRNA texnologiyasına əsaslanan bu üsulda peyvənd hər bir xəstənin şişinin genetik xüsusiyyətlərinə uyğun olaraq fərdi şəkildə hazırlanır. Cərrahi əməliyyatla çıxarılan şiş hüceyrələri araşdırılır, immun sistemini ən çox aktivləşdirəcək markerlər müəyyən edilir və orqanizmin yalnız həmin xərçəng hüceyrələri ilə mübarizə aparması təmin olunur.
Madrid şəhərində keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin toplantısında nəticələrin açıqlanmasından sonra istehsalçı şirkətlər ABŞ-ın Qida və Dərman Administrasiyasına təsdiq üçün müraciət etməyə hazırlaşırlar. Mütəxəssislər bu yeni yanaşmanın ağciyər və mədəaltı vəzi xərçəngi kimi digər xərçəng növlərinə qarşı da sınaqdan keçirildiyini bildirirlər.
Hazırlanan müalicə onkologiya mütəxəssisləri tərəfindən tarixi uğur kimi qiymətləndirilsə də, nəticələrin əvvəlki, daha kiçikmiqyaslı sınaqlarla müqayisədə bir qədər zəif olması səbəbindən “Uoll Strit” investorları arasında səhmlərin qiymətində müvəqqəti dalğalanma yaşanıb. Bununla belə, analitiklər ABŞ-ın Qida və Dərman Administrasiyasının gələn il bu müalicəni təsdiqləyəcəyini gözləyirlər.


