Şimali Kore Yapon dənizinə çoxsaylı raketlər atıb
Cənubi Koreya ordusu Şimali Koreyanın Yapon dənizi istiqamətində çoxsaylı raketlər buraxdığını açıqlayıb.
AFN.az Yonhap-a istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsinin (JCS) açıqlamasında Şimali Koreyanın bu gün səhər saatlarında Cənubi Hamgyon əyalətinin Sondok bölgəsindən Yapon dənizi istiqamətində çoxsaylı raketlər buraxdığı bildirilib.
Açıqlamada Şimali Koreyanın müxtəlif növ raketləri eyni vaxtda buraxıb-buraxmadığının araşdırıldığı, bu çərçivədə raketlərin xüsusiyyətlərini və düşdükləri yerləri müəyyənləşdirmək üçün ABŞ-la birlikdə işlənildiyi qeyd olunub.
Ordunun Cənubi Koreya-ABŞ birgə müdafiə mövqeyi çərçivəsində Şimali Koreyanın hərəkətlərini izləməyə davam etdiyi vurğulanan açıqlamada hər cür təxribata qətiyyətlə cavab vermək qabiliyyətinin və hazırlığının qorunduğu bildirilib.
Şimali Koreyadan raket buraxılışları ilə bağlı hələlik açıqlama verilməyib.
Şimali Koreya şənbə günü də taktiki ballistik raketlərə quraşdırılmaq üçün nəzərdə tutulan kaset bombasını sınaqdan keçirmişdi.
ABŞ Hind-Sakit Okean Komandanlığı da Şimali Koreyanın həyata keçirdiyi raket buraxılışlarını yaxından izlədiklərini və regiondakı müttəfiqlərlə sıx məsləhətləşmələr apardıqlarını açıqlayıb.
Komandanlığın yazılı açıqlamasında son qiymətləndirmələrə görə, bu hadisənin ABŞ personalı, ərazisi və ya müttəfiqləri üçün təcili təhlükə yaratmadığı bildirilib. Həmçinin Vaşinqtonun Hind-Sakit Okean regionunda təhlükəsizlik öhdəliklərinə və müdafiə əməkdaşlığına sadiq olduğu bir daha vurğulanıb.

