Aİ komissarı: Avropa artan böhranlar səbəbindən hazır olmalıdır
Avropa İttifaqı (Aİ) Komissiyasının bərabərlik, hazırlıq və böhran idarəçiliyi üzrə məsul üzvü Hadya Lahbib Almaniyada baş verən son elektrik kəsintilərindən sonra Avropanın üzləşdiyi böhranlarla bağlı həm milli hökumətlərin, həm də cəmiyyətin hazırlıqlı olmasının vacibliyini bildirib.
Lahbib son dövrlərdə Avropada baş verən yanğınlar, sellər, elektrik kəsintiləri və bunlara qarşı Aİ-nin hazırladığı strategiyalarla bağlı Brüsseldə qiymətləndirmələr edib.
"Bunların hamısı təhlükədir və bütün hökumətlərin bu prosesdə rol almasına ehtiyacımız var" – deyən Lahbib, Aİ Komissiyasının 2025-ci ilin mart ayında müharibə, terror hücumu, pandemiya, elektrik kəsintiləri, sel və ya meşə yanğınları kimi hər növ təhlükəyə əsaslanan hazırlıq strategiyası təqdim etdiyini xatırladıb.
"72 saatlıq muxtariyyət" təklifi
Strategiyanın mühüm dayaqlarından birinin cəmiyyətin yanaşması olduğunu qeyd edən Lahbib: "Bu, özünüzü qoruya, qabaqlayıcı tədbirlər görə və hazırlaşa biləcəyiniz mənasına gəlir. Böhranla qarşılaşsaq, evdə 72 saat təhlükəsiz qala biləcəyinizdən əmin olmaq üçün '72 saatlıq muxtariyyət' təklif edirik. Bura su, qida, dərmanlar, eləcə də nağd pul daxildir" deyib.
Vətəndaşların yaşadığı ölkədən asılı olaraq özlərini bu şəraitə uyğunlaşdırmalı olduğunu vurğulayan Lahbib, həmçinin özəl sektoru da əhatə edən ehtiyat toplama strategiyalarının təqdim edildiyini, bu sayədə yeni bir pandemiya zamanı ən geci iki ay ərzində peyvənd istehsal edib paylamaq potensialına malik olacaqlarını qeyd edib.
Avropanı sarsıdan böhranlar
Avropa son bir ildə meşə yanğınları, sellər, güclü fırtınalar və elektrik kəsintiləri ilə mübarizə aparıb. Yanvar ayında Almaniyanın paytaxtı Berlində on minlərlə evə təsir edən elektrik kəsintisi, səhiyyə, nəqliyyat və enerji infrastrukturundakı zəiflikləri yenidən gündəmə gətirib.
Aİ Komissiyasının hazırladığı strateji plan aşağıdakıları hədəfləyir:
Ortaq standartlar: Xəstəxanalar, məktəblər və rabitə infrastrukturunun işlək qalması üçün minimum standartların tətbiqi.
Ehtiyat bazası: Fövqəladə hallarda lazım olan avadanlıq və həyati resursların əvvəlcədən ehtiyatının yığılması.
Aİ Böhran Mərkəzi: Silahlı qüvvələr, mülki müdafiə, səhiyyə və təhlükəsizlik bölmələrinin iştirakı ilə koordinasiyanın gücləndirilməsi.
Həyatda qalma dəsti: Hər bir ailənin ən azı 72 saat ərzində təməl ehtiyaclarını qarşılayacaq qida, su, fənər, radio, dərman və şəxsi sənədlərdən ibarət çantasının olması.

