Aİ: Monteneqro üzvlük danışıqlarının yekun mərhələsinə keçməyə hazırdır
Avropa İttifaqı Monteneqronun üzvlük danışıqlarının yekun mərhələsinə keçməyə hazır olduğunu açıqlayıb.
Belçikanın paytaxtı Brüsseldə 16-cı Üzvlük Konfransı keçirilib və burada Avropa İttifaqı (Aİ)-Monteneqro üzvlük danışıqlarının 23 və 24-cü fəsilləri müzakirə edilib.
Belçikanın xarici işlər naziri Hadja Lahbib və Monteneqronun baş naziri Milojko Spajicin sədrliyi ilə keçirilən iclasda Avropa Komissiyasının Qonşuluq və Genişlənmədən məsul üzvü Oliver Varhelyi də iştirak edib.
Aİ Şurasının verdiyi açıqlamaya görə, iclasda Monteneqronun qanunun aliliyinə dair 23 və 24-cü fəsillərdə əldə etdiyi irəliləyişlər qiymətləndirilib və gələcəkdə görüləcək işlərlə bağlı istiqamətləndirici məlumatlar verilib.
Aİ Monteneqronun müvafiq fəsillər üçün əsas meyarlara cavab verməsi barədə qərar qəbul edib.
Görüşdən sonra Lahbib Spajic və Varhelyi ilə birgə mətbuat konfransında Monteneqronun üzvlük danışıqlarının yekun mərhələsinə keçməyə hazır olduğunu təsdiqləyib.