Avropada yüzlərlə marketin soyutma sisteminə kiberhücum: tonlarla ərzaq məhv edilib



Fransada yüzlərlə supermarketin soyutma sistemlərini hədəf alan kiberhücum nəticəsində temperaturun 50 dərəcəyədək yüksəlməsi səbəbindən böyük həcmdə təzə və dondurulmuş ərzaq məhv edilib. 

AFN.az xəbər verir ki, Niderlandda isə Albert Heijn şəbəkəsinin bəzi paylama mərkəzlərində yaranan İT təhlükəsizliyi problemi məhsul tədarükündə fasilələrə səbəb olub.

Fransadakı hücum zamanı bəzi marketlərin soyutma sistemlərinin temperaturu gecə ərzində uzaqdan dəyişdirilərək 50 dərəcəyədək yüksəldilib. Paris prokurorluğu ölkə üzrə iri ərzaq pərakəndə satış şəbəkələrinin əlaqəli soyutma sistemlərinə təsir edən genişmiqyaslı kiberhücumla bağlı araşdırmaya başlanıldığını bildirib.

Intermarché şəbəkəsinin sahibi olan Les Mousquetaires qrupu təxminən 150 mağazasının hücumdan təsirləndiyini və bəzi soyuducularda temperaturun altı saat ərzində 50 dərəcəyə çatdığını açıqlayıb. Ərzaq təhlükəsizliyi riskinin qarşısını almaq məqsədilə təsirlənmiş məhsulların hamısının məhv edildiyi bildirilib.

Coopérative U şirkətinin baş icraçı direktoru Dominik Şelşe də şəbəkəyə məxsus mağazaların soyutma sistemlərinin hücumdan təsirləndiyini təsdiqləyib. Şelşe təzə məhsulların qorunması və ölkənin ərzaq təminatı baxımından həyati əhəmiyyət daşıyan avadanlıqların hədəfə alınmasını son dərəcə ciddi və görünməmiş hadisə adlandırıb.

Carrefour hücumdan 80 mağazasının təsirləndiyini açıqlayıb. Digər market şəbəkələrinin də hadisədən zərər çəkmiş ola biləcəyi bildirilir.

Fransanın Elzas bölgəsindəki iki marketdə ümumilikdə 270 min avro məbləğində itki qeydə alınıb. Ölkə üzrə ərzaq itkilərinin ümumi dəyərinin isə bir neçə milyon avroya çata biləcəyi ehtimal olunur. Bununla belə, itkilərin məbləği ilə bağlı ölkə üzrə yekun hesabat hələ açıqlanmayıb.

Fransanın Baş naziri Sebastyen Lekornunun göstərişi ilə Milli Kibertəhlükəsizlik Agentliyi (ANSSI) də araşdırmaya cəlb olunub. Rəsmilər hücumun digər Avropa ölkələrinə və ya şirkətlərə təsir edib-etmədiyini araşdırırlar.

Niderlandın ən böyük supermarket şəbəkəsi olan Albert Heijn-in bəzi paylama mərkəzlərində isə ayrıca İT təhlükəsizliyi insidenti səbəbindən fəaliyyət dayanıb. Şirkət informasiya texnologiyaları infrastrukturunu qorumaq məqsədilə bəzi sistemlərini ehtiyat tədbiri kimi söndürüb.

Şirkətin açıqlamasına görə, fasilə Albert Heijn ilə yanaşı, eyni qrupa daxil olan Etos və Gall & Gall şəbəkələrinin internet saytlarına və mobil tətbiqlərinə də təsir edib. Logistika sistemlərinin işləməməsi səbəbindən onlayn market sifarişlərinin çatdırılması müvəqqəti dayandırılıb. Fiziki mağazalar isə fəaliyyətini davam etdirib.

Albert Heijn-in baş icraçı direktoru Marqaret Versteden van Deyin Niderlandın ictimai yayım qurumu NOS-a açıqlamasında bəzi paylama mərkəzlərində işlərin tamamilə dayandığını bildirib.

Versteden van Deyin fasilənin uzanacağı təqdirdə mağazalarda məhsul çatışmazlığının arta biləcəyi barədə xəbərdarlıq edib. O, vəziyyətin mağazadan mağazaya dəyişə biləcəyini qeyd edib.

Şirkət hadisənin səbəbi ilə bağlı araşdırmanın davam etdiyini və sistemlərə icazəsiz girişin olub-olmadığının hələ dəqiqləşmədiyini bildirib.

Reuters agentliyinin məlumatına görə, Fransada soyutma sistemlərinə qarşı həyata keçirilən hücumla Niderlanddakı İT təhlükəsizliyi insidenti arasında birbaşa əlaqənin olub-olmadığı hələ müəyyən edilməyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu