Bolqarıstanlı siyasətçi Ukraynaya yardımların dayandırılmasını təklif edir
Avropa Parlamentinin deputatı Pyotr Volqin Ukraynada münaqişənin başa çatmasına Avropa İttifaqının rəhbərliyinin və Kiyevin mane olduğunu iddia edib.
AFN.az xarici mətbuata istinadən xəbər verir ki, Bolqarıstanın “Dirçəliş” partiyasından vitse-prezidentliyə namizəd olan Volqin bu barədə Nova telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və komissiyanın digər üzvləri, eləcə də Vladimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna hakimiyyəti müharibənin davam etməsində maraqlıdır. Volqin hesab edir ki, müharibə onların hakimiyyəti üçün bəraət qazandıran amilə çevrilib və münaqişə başa çatarsa, hakimiyyətlərini qorumaq çətinləşəcək.
Deputat ABŞ-ı da müharibənin dayandırılması üçün real addımlar atmamaqda günahlandırıb. O bildirib ki, Vaşinqtonun münaqişəyə son qoymaq üçün imkanları olsa da, bu istiqamətdə ciddi nəticə verən addımlar atılmayıb.
Volqinin sözlərinə görə, “Dirçəliş” partiyası münaqişənin başa çatmasını istəyir. O, Bolqarıstanın müharibənin davam etməsinə töhfə verən yardımları dayandırmalı olduğunu, eyni zamanda ölkənin öz təhlükəsizliyini gücləndirməli və müdafiə qabiliyyətini artırmalı olduğunu düşünür.
