Argentina Britaniyanın mübahisəli şelfdə neft hasilatına qarşı BMT-yə müraciət edib


Argentina Böyük Britaniyanın Şimali Malvin hövzəsinin kontinental şelfində karbohidrogen hasilatının qarşısını almaq üçün BMT-nin Beynəlxalq Dəniz Hüququ Tribunalına müraciət edib.

AFN.az xəbər verir ki, bu barədə Argentina prezidenti Xavyer Mileyin dəftərxanasının rəsmi bəyanatında bildirilib.

Müraciətdə tribunalın müvəqqəti tədbirlər görməsi istənilir. Buenos-Ayres bu addımın ölkənin suveren hüquqlarını qorumağa və Londonun birtərəfli hərəkətləri nəticəsində BMT tərəfindən tanınan ərazi mübahisəsinin daha da kəskinləşməsinin qarşısını almağa xidmət etdiyini bəyan edib.

Müraciət Argentina hökumətinin BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına uyğun olaraq 2026-cı il sentyabrın 28-də başlatdığı arbitraj prosesinin bir hissəsidir. Sənəddə Folklend (Malvin) adaları üzərində suverenlik iddiaları da bir daha təsdiqlənib.

Şelf ətrafındakı mübahisə arxipelaqın təxminən 220 kilometr şimalında yerləşən böyük neft yatağının işlənməsini nəzərdə tutan “Sea Lion” layihəsi ilə daha da kəskinləşib. Hasilat lisenziyaları adalardakı Britaniya hakimiyyəti tərəfindən verilib. Layihəni İsrailin “Navitas Petroleum” və Britaniyanın “Rockhopper Exploration” şirkətləri həyata keçirir. Şirkətlər qazma işlərinə 2027-ci ilin əvvəlində başlamağı, kommersiya hasilatına isə 2028-ci ildə keçməyi planlaşdırırlar.

Argentina hakimiyyəti mübahisəli sularda neft şirkətlərinin fəaliyyətini dəfələrlə qanunsuz adlandırıb və mümkün sanksiyalar barədə xəbərdarlıq edib. Sentyabrda Argentina tərəfi “Navitas Petroleum”a qarşı hüquqi proses başladıb.

Diplomatik təzyiqlər və cərimə təhlükəsi fonunda bəzi beynəlxalq podratçılar layihədən çəkilməyə başlayıblar. Bu yaxınlarda ABŞ-ın neft xidmətləri üzrə “Halliburton” korporasiyası da layihədə iştirakını dayandıracağını açıqlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu