Argentina Britaniyanı Folklend adaları ilə bağlı danışıqlara çağırır



Argentina hökuməti Malvin (Folklend) adaları üzərində suverenlik hüququnu yenidən bəyan edərək, Böyük Britaniyanı ikitərəfli danışıqlara çağırıb.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, Argentinanın xarici işlər naziri Pablo Kirno bildirib ki, rəsmi Buenos-Ayres bu müstəmləkə vəziyyətinə son qoymaq üçün sülh yolu ilə həll tərəfdarıdır.

Bu çağırış beynəlxalq arenada maraqlı bir gərginlik fonunda səslənir. Belə ki, Pentaqonun İrana qarşı müharibədə kömək etməyən NATO müttəfiqlərini, o cümlədən Böyük Britaniyanı "cəzalandırmaq" üçün Vaşinqtonun Folklend adaları ilə bağlı ənənəvi mövqeyinə yenidən baxa biləcəyi barədə xəbərlər yayılıb. Bu ehtimal Argentinanın diplomatik hücumlarını daha da intensivləşdirib.

Britaniya tərəfi isə məsələyə sərt reaksiya verib. Rəsmi London adaların statusunun müzakirə mövzusu olmadığını və "təzyiq altında" İrana qarşı müharibəyə çəkilməyəcəklərini bəyan edib. Britaniya rəsmiləri adaların öz müqəddəratını təyinetmə hüququnun toxunulmaz olduğunu vurğulayırlar.

Qeyd edək ki, Malvin adaları 1982-ci ildə iki ölkə arasında qısa müddətli, lakin qanlı müharibəyə səbəb olmuşdu. Hazırda ABŞ-ın bu mübahisədə Argentinanın xeyrinə mümkün geosiyasi manevrləri Cənubi Atlantikada vəziyyəti yenidən gərginləşdirə bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu