Pentaqonun yazışmaları sızdı: İspaniyanın NATO üzvlüyünü dondurmaq planı
Pentaqon daxilindəki yüksək səviyyəli yazışmaların sızması ilə ABŞ-ın İran müharibəsinə dəstək verməyən NATO müttəfiqlərinə qarşı sərt sanksiyalar hazırladığı ortaya çıxıb.
AFN.az xəbər verir ki, "Reuters"-in məlumatına görə, Pentaqon daxilində müzakirə olunan siyasət variantları arasında İspaniyanın NATO üzvlüyünün dondurulması və İngiltərənin Folklend adaları üzərindəki suverenlik iddiasının yenidən dəyərləndirilməsi kimi radikal addımlar yer alır.
ABŞ rəsmisinin paylaşdığı məlumata görə, sözügedən elektron məktub müttəfiqlərin İran əməliyyatları üçün hava məkanı və bazalardan istifadə hüquqlarını məhdudlaşdırmasından duyulan dərin məyusluğu əks etdirir.
Pentaqon rəsmilərinin müttəfiqlərin bu hüquqları təmin etməsini NATO-nun ən təməl şərti kimi gördüyü və Avropanın özünü imtiyazlı hesab etmə duyğusunu qırmaq istədiyi bildirilir.
Xüsusilə İspaniyanın sosialist hökumətinin ərazisindəki strateji "Rota" və "Moron" bazalarının İrana qarşı hücumlarda istifadəsinə icazə verməyəcəyini açıqlaması Vaşinqtonda böyük narazılıq yaradıb.
Məktubda İspaniyanın alyansdan uzaqlaşdırılmasının hərbi təsirindən çox, digər müttəfiqlərə qarşı simvolik xəbərdarlıq olacağı vurğulanır.
İngiltərəyə gəldikdə isə Baş nazir Keyr Starmerin qorxaqlıqda ittiham edildiyi yazışmada ABŞ-ın İngiltərənin Folklend adaları üzərindəki haqlarına verdiyi diplomatik dəstəyi geri çəkə biləcəyi qeyd olunur.
Bu vəziyyətin ABŞ Prezidenti Donald Trampın yaxın müttəfiqi olan Argentina Prezidenti Xavyer Mileyin əlini gücləndirə biləcəyinə diqqət çəkilir.
Mövzu ilə bağlı açıqlama verən Pentaqon sözçüsü Kinqsli Vilson Prezident Trampın da qeyd etdiyi kimi, müttəfiqlərin ABŞ-ın onlar üçün etdiklərinə rəğmən yanında olmadıqlarını bildirib və bütün variantların masada olduğunu təsdiqləyib.
Müdafiə naziri Pit Heqset də daha əvvəl İran raketlərinin ABŞ-ı vura bilməsə belə, Avropanı vura biləcəyini xatırladaraq, ehtiyac anında yanında durmayan ölkələrlə əsl ittifaqın mümkün olmadığını ifadə etmişdi.
