İspaniya: NATO Qrenlandiyanın təhlükəsizliyini gücləndirə bilər
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ABŞ-nin Qrenlandiyanı ələ keçirmə planlarına qarşı ehtiyac olacağı təqdirdə NATO-nun adadakı təhlükəsizlik tədbirlərini gücləndirə biləcəyini bildirib.
Albares Madriddə qatıldığı tədbirdən sonra İspaniya mətbuatına verdiyi açıqlamada “Əgər hazırda Qrenlandiya və ya Arktika bölgəsində NATO-nun təhlükəsizliyini riskə ata biləcək hər hansı ünsür və ya vəziyyət varsa, əminəm ki, hamımız bunu təhlil edə bilərik və təhlükəsizliyin gücləndirilməsi lazım gələrsə, bunu edə bilərik” deyib.
O əlavə edib ki, hər hansı təhlükə yaranacağı təqdirdə Qrenlandiyanın təhlükəsizliyini NATO vasitəsilə gücləndirməyə hazırdılar.
ABŞ-nin Qrenlandiyaya mümkün hərbi müdaxiləsini istisna etdiyini və bunu hətta bir ehtimal kimi belə görmədiyini bildirən Albares buna baxmayaraq Danimarkanın AB və NATO çərçivəsində təhlükəsizliyinin yetərincə təmin olunmadığı qənaətinə gələcəyi halda, müttəfiqlərlə birlikdə lazımi təhlillərin aparılacağını və hamının maraqlarına uyğun şəkildə təhlükəsizliyin artırıla biləcəyini söyləyib.
Həm Rusiya–Ukrayna müharibəsində, həm də ABŞ-nin Venesueladakı hərbi müdaxiləsi məsələsində passiv mövqe tutan Avropa İttifaqının (AB) artıq səsini ucaltmalı olduğunu qeyd edən Albares “Avropa danışmağı dayandırıb hərəkətə keçməli və böyük güclərlə eyni masada yer alacağını açıq şəkildə bildirməlidir” deyə vurğulayıb.
Albares həmçinin qeyd edib ki, fərqli sürətlərdə olsa da, AB-nin suverenliyinə yönəlmiş hücumların qarşısını almaq üçün Birliyin genişlənməsi ilə bağlı İspaniyanın mövqeyini bir çox AB ölkəsi bölüşür.


