Sançesin açıqlamaları İspaniya ilə İsrail arasında diplomatik böhrana səbəb olub
İspaniyanın baş naziri Pedro Sançesin Belçikanın baş naziri Aleksandr De Kroo ilə birlikdə İsrail, Fələstin və Misirə səfəri zamanı verdiyi açıqlamalar İspaniya ilə İsrail arasında diplomatik böhrana səbəb olub.
İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada qətliamın dayandırılması üçün açıqlamalar verən De Kroo və Sançezi "terrora dəstək vermək"də ittiham edib və dünən iki ölkənin İsraildəki səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.
Bunun üzərinə İspaniya bu gün İsrailin Madriddəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq Netanyahunun ittihamları ilə bağlı izahat tələb edib.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İsrailin Sançes və De Krooya qarşı bəyanatlarını “qəbuledilməz və əsassız ittihamlar” adlandırıb.
Albares ölkə mətbuatına verdiyi açıqlamada, "Bu ittihamları qəti şəkildə rədd edirik. İspaniya bu əsassız və qəbuledilməz bəyanatlara vaxtında cavab verəcək" - deyə bildirib.
İspaniyanın İsrail və HƏMAS arasındakı münaqişə ilə bağlı mövqeyinin aydın olduğunu vurğulayan Albares, terroru pislədiklərini, bütün İsrail qurbanları ilə həmrəy olduqlarını və bütün girovların azad edilməsini tələb etdiklərini bildirib: "Baş nazir Sançes terror aktını qınamaqdan çəkinmədi. O, HƏMAS-ın terror təşkilatı olduğunu və Fələstin xalqını təmsil etmədiyini bildirdi. Sançes Fələstin dövlətinin varlığını təmin edəcək, təhlükəsiz bir sülh körpüsü qurmağa çalışdı. İsrailin bəyanatları bununla uyğun gəlmir”.
İspaniyanın baş naziri Sançes dünən Misirin Rəfah Sərhəd Qapısında verdiyi açıqlamada, "AB Fələstin dövlətini tanımazsa, İspaniya öz qərarını verəcək" - deyə açıqlama verib.