İspaniya UNRWA-ya maliyyə dəstəyini dəyişməyəcəyini açıqladı


İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) verilən maliyyə dəstəyinin dəyişməyəcəyini açıqlayıb.


İspaniya Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edən Albares, "UNRWA-da 3 minə yaxın işçi var və istintaqa cəlb olunanların sayı 10 civarındadır. Biz bu araşdırmanı çox yaxından izləyəcəyik, lakin biz İspaniyanın UNRWA ilə münasibətlərini dəyişməyəcəyik" - deyə qeyd edib.

Albares həmçinin bütün millət vəkillərindən İspaniya hökumətinin İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün atəşkəs çağırışına və Həmas tərəfindən saxlanılan girovların azad edilməsinə dair mövqeyinə dəstək vermələrini istəyib.

İspaniyalı nazir Fələstin dövlətinin tanınması və beynəlxalq sülh konfransının təşkili əsasında iki dövlətli həll tələblərini təkrarlayıb.

Digər tərəfdən, UNRWA-nın İspaniya Nümayəndəliyinin rəhbəri Raquel Marti, İspaniyanın dövlət televiziyası RTVE-yə verdiyi açıqlamada, “Beynəlxalq Ədalət Məhkəməsinin soyqırımın qarşısının alınması üçün yardımın çatdırılmasını tələb etdiyi silahlı münaqişədə UNRWA-ya yardımı kəsmək tamamilə məsuliyyətsizdir və Fələstin xalqını aclıqdan ölməyə məhkum edən fəlakətli bir vəziyyətdir" - deyə bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş 7 oktyabr hücumlarında UNRWA əməkdaşlarının əli olması ilə bağlı İsrail rəsmilərinin iddialarının təcili araşdırılmasını tələb edib. UNRWA da İsrailin iddiaları ilə bağlı araşdırmaya başlayıb.

Almaniya, İsveçrə, İtaliya, Kanada, Finlandiya, Avstraliya, İngiltərə, Hollandiya, Avstriya, Fransa, Yaponiya və ABŞ UNRWA-ya maliyyə dəstəyini müvəqqəti olaraq dayandırmağa qərar verdiklərini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu