Qara dənizdə ticarət gəmilərinə hücumlar: NATO və Aİ Bolqarıstana dəstək vəd edib


NATO və Avropa İttifaqı Qara dənizdə ticarət gəmilərinə dron hücumlarının araşdırılmasında Bolqarıstana kömək edəcəklərini vəd ediblər.

AFN.az xəbər verir ki, bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bolqarıstanın Baş naziri Rumen Radev Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışıqları zamanı gəmilərə hücumların dayandırılması və hadisələrin araşdırılması üçün birgə səylərin göstərilməsinə çağırıb.

Məlumata görə, Avropa İttifaqı və NATO rəhbərləri çətin vəziyyətə düşən dənizçilərin xilas edilməsi zamanı Bolqarıstanın operativ fəaliyyətini yüksək qiymətləndirib, ölkənin ərazi sularına yaxın ərazilərdə gəmilərə hücumlarla bağlı həmrəylik ifadə edib və hadisələrin hallarının müəyyənləşdirilməsinə kömək göstərməyə hazır olduqlarını bildiriblər.

Radev Bolqarıstanın dəniz və hava məkanına nəzarət imkanlarının gücləndirilməsi üçün dəstək məsələsini də qaldırıb. O, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə təminat verilməsi ilə bağlı birgə təkliflərin hazırlanması məqsədilə Rumıniya və Türkiyə ilə danışıqlara başlayacağını bildirib. Baş nazir həmin təklifləri oktyabrın 15-16-da keçiriləcək Aİ Şurasının iclasında təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, ötən gecə Bolqarıstanın şimal sahilləri yaxınlığında, ölkənin müstəsna iqtisadi zonasında naməlum dronlar iki ticarət gəmisinə hücum edib. Malta bayrağı altında üzən “Chelsea 3” gəmisi suyun üzərində qalıb, onun bütün heyəti sərhəd mühafizəsinin katerləri ilə Varna şəhərinə təxliyə edilib.

“Maritime.bg” portalının məlumatına görə, Qvineya-Bisau bayrağı altında üzən ikinci gəmi — “HS Dignity” batıb. Hadisə yerində olan digər gəmilər onun heyətinin beş üzvünü sudan xilas ediblər. Daha 11 nəfərin taleyi məlum deyil. Axtarış-xilasetmə əməliyyatı davam edir. İtkin düşənlərin Suriya və Misir vətəndaşları olduğu bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu