NATO və Aİ Rusiyaya təzyiqi artırmağa hazırlaşır
Avropa İttifaqı və NATO rəhbərliyi Almaniyanın Leipziq/Halle hava limanındakı dron insidentinə görə Rusiyaya qarşı təzyiqin artırılacağını açıqlayıb.
AFN.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen insidenti Aİ ərazisində Rusiyaya bağlanan yeni eskalasiya kimi qiymətləndirib və Avropanın belə hallara daha sürətli cavab verməli olduğunu bildirib.
NATO-nun baş katibi Mark Rutte isə Almaniya ilə tam həmrəy olduqlarını deyib. Onun sözlərinə görə, Avropanın şərq cinahında pilotsuz uçuş aparatları və raketlərlə bağlı insidentlər, eləcə də digər zərərli fəaliyyətlər artıb.
Almaniya daha əvvəl hava limanındakı insidentlərin arxasında Rusiyanın dayandığını açıqlayıb. Berlinin məlumatına görə, partlayıcı ilə təchiz edilmiş dron aşkarlanıb və daha iki pilotsuz aparatla bağlı insident qeydə alınıb. Almaniya iki şübhəlinin də müəyyən edildiyini bildirib.
Moskva ittihamları rədd edərək Berlinin Rusiyanın iştirakı ilə bağlı sübut təqdim etmədiyini açıqlayıb.
İnsidentdən sonra Almaniya Rusiyanın Bonndakı baş konsulluğunun və Berlindəki “Rusiya Evi”nin fəaliyyətinə xitam verib. Aİ isə Rusiyaya qarşı yeni sanksiyaların, o cümlədən ölkənin hərbi-sənaye kompleksinə və “kölgə donanması”na qarşı tədbirlərin müzakirə edildiyini bildirib.



